30.06.2017

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır. Bu proses iyulun 14-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il  keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

 


Açar sözlər: