Azərbaycan Respublikası Təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarı və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).

2. Ümumi təhsil sektoruna (A.Yusifov) tapşırılsın:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarı və Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinin məqsəd və mahiyyətinin ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərində, valideynlər arasında izahı və təbliği ilə əlaqədar zəruri tədbirlər həyata keçirsin;

2.2. 2016-cı il sentyabrın 1-dək 2016-2017-ci dərs ilində məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəbləri və müəllimlərin siyahısını dəqiqləşdirsin, məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısının hazırlanmasını təmin etsin;

2.3. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulmuş öyrədici təlimlərdə məktəbəhazırlıq qruplarında işləyəcək müəllimlərin iştirakını təmin etsin;

2.4. məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsin;

2.5. görülmüş işlər barədə avqust ayının sonunadək Nazirliyə təqdim edilmək üçün yazılı hesabat hazırlasın.

2.6. dərs ili ərzində məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkilinə və qrupların fəaliyyətinə nəzarəti təmin etsin.

3. İnformasiya təminatı sektoru (İ.Abdullayeva):

3.1. məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesinin elektron ərizələr əsasında aparılmasını;

3.2.məktəbəhazırlıq təhsili təşkil olunacaq məktəblərin siyahısının mektebeqebul.edu.az saytına yerləşdirilməsini və müəssisələr tərəfindən uşaqların adlarının elektron sistemə daxil edilməsinə nəzarəti təmin etsin.

4. Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə imkan vermədiyi hallarda valideynlərin müraciətləri əsasında həmin uşaqların ərazi üzrə yerli məktəblərdə məktəbəhazırlıq təhsilinə cəlbi təmin edilsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini N.Səfərova bu əmrdən irəli gələn maliyyə məslələrini həll etsin.

6. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, bu əmrin İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə olunsun.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

10 avqust 2016-cı il

                                                                                        №242-1