Apelyasiya komissiyalarının təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri 

Azərbaycan Respublikası Təhsil nazirinin “2017/2018-ci tədris ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 03 mart      2017-ci il tarixli 123 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 07 mart 2017-ci il tarixli 90 nömrəli əmrlərin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2017/2018-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində elektron sistemdə qeydiyyat və sənəd qəbulu üzrə  yarana biləcək mübahisəli məsələlərin həlli üçün  Bakı şəhərinin 6 ümumtəhsil müəssisəsində Binəqədi və Nəsimi rayonları üzrə (Binəqədi rayonu 276 nömrəli tam orta məktəb), Səbail və Yasamal rayonları üzrə (Səbail rayonu 236 nömrəli tam orta məktəb), Nizami və Nərimanov rayonları üzrə (Nizami rayonu 129 nömrəli tam orta məktəb), Qaradağ rayonu üzrə (Qaradağ rayonu 166 nömrəli məktəb-lisey), Xətai və Suraxanı rayonları üzrə (Xətai rayonu 95 nömrəli tam orta məktəb), Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə (Sabunçu rayonu 169 nömrəli tam orta məktəb) təşkil olunacaq apelyasiya komissiyalarının (bundan sonra Komissiya) dislokasiyası və tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Qeyd olunan ümumtəhsil müəssisələrinin rəhbərləri:

2.1. Komissiyanın işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılmasını;

2.2. Komissiya və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərəçarpan yerdə (komissiya üzvlərinin adı, soyadı, qəbul günləri və saatları, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsini təmin etsinlər.

3. Komissiyalar I mərhələdə 2017-cı il martın 15-dən iyunun 14–nə kimi, II mərhələ iyunun 20-dən  sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərir. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 1200-dan 1600-dək həyata keçirilir. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda, qəbul bir gün əvvəl təşkil edilir.

4. Komissiya rəhbərlərinə tapşırılsın:

4.1. vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılmasını;

4.2. elektron sistemdə qeydiyyat və sənəd qəbulu üzrə yaranmış mübahisəli məsələlərin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini;

4.3. müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini;

4.4. təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etsinlər.

5. Müdir müavini N.Səfərova komissiyaların iş otaqlarının zəruri avadanlıqlarla təchizatı və bu əmrdən irəli gələn digər maliyyə məsələlərini həll etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) komissiyaların ünvanları və iş rejimi barədə məlumatları İdarənin rəsmi saytında yerləşdirilməsini təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılaraq bütün təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin “2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 03 mart 2017-ci il tarixli 123 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 07 mart 2017-ci il tarixli 90 nömrəli əmrləri.

 

          Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

10 mart 2017-ci il

                                                                                        №93


 

Apelyasiya komissiyaları