Sentyabr (2013) konfransının təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycanda təhsil sisteminin bu gün tam yeni bir mühitdə fəaliyyət göstərdiyi və xalqımızın güclü dövlət quruculuğu yolunda inamla irəlilədiyi bir vaxtda yeni nəslin azad  bir  ölkənin  vətəndaşı kimi yetişməsi son dərəcə aktual və mühüm məsələdir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri olan milli təhsil sahəsində beynəlxalq standartlara uyğun fundamental islahatların aparılması üçün təhsilimizin milli ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsinə geniş imkanlar yaradılmışdır. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi son yeddi il  ərzində fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə, demokratik idarəetmənin təkmilləşdirilməsinə yönəltməklə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazanmış,  müəyyən nailiyyətlər əldə etmişdir.  Bu müddətdə təhsilin bütün sahələri üzrə göstəricilər xeyli yüksəlmiş, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin maddi-texniki bazası  möhkəmləndirilmiş, habelə əlverişli təhsil mühitinin yaradılması sahəsində diqqətəlayiq nəticələr əldə olunmuşdur. 2012/2013-cü dərs ilində  Bakı şəhərində  880 və 640 şagird yerlik 4 yeni məktəb binası inşa edilmiş, 76 məktəbdə əsaslı təmir işləri aparılmış, şagird sıxlığının aradan qaldırılması üçün 20 məktəbdə əlavə korpus tikilərək istifadəyə verilmişdir. Həmçinin 5 məktəbin idman və akt zalları tamamilə  yenilənmişdir.

Ali  məktəblərə  tələbə  qəbulunda  hər il olduğu kimi, 2013 - cü ildə də Bakı  məktəbləri  məzunlarının xüsusi  çəkisi  artmış,  nəticədə  builki  məzunlarımızın  47.43 faizi tələbə adını qazanmışdır.  Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 2 məzunumuz maksimum  700  bal  toplamışdır. 

 2012/2013-cü  tədris  ilində  keçirilmiş  “Ən  yaxşı  ümumtəhsil məktəbi”   müsabiqəsində Təhsil İdarəsinin  tabeliyində  olan  19 məktəb, “İlin ən yaxşı müəllimi”    müsabiqəsində   isə  37  müəllim  qalib  olmuşdur. 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ötən   tədris  ilində də  müxtəlif tədbirlər keçirilmişdir. “Mən azərbaycanlıyam” adı altında təşkil  olunan  müsabiqə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə 2013-cü il aprelin 30 - da Sərhədçi  İdman Olimpiya  Kompleksində  keçirilən   “Təhsil, texnologiya və tərəqqi”  adlı  baxış-sərgi, voleybol, mini-futbol və stolüstü tennis üzrə yarışlar  və  digər  tədbirlər  özünəməxsusluğu ilə fərqlənmişdir.

BŞTİ - nin təşkilatçılığı ilə ilk dəfə olaraq IV sinif şagirdləri arasında keçirilən “İntellektə gedən yol” adlı müsabiqə də   şagirdlərdə intellektual  inkişafın  artırılması, dünyagörüşü  və  bilik  səviyyəsinin yoxlanılması, həmçinin  onların  sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətlərinin  səviyyəsinin  öyrənilməsi  və  təbliği məq¬sədilə   böyük  əhəmiyyət kəsb etmişdir.

Keçən dərs ili ərzində məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri beynəlxalq festivallarda, sərgi və folklor müsabiqələrində müvəffəqiyyətlə iştirak etmiş, diplom və medallara layiq görülmüşlər.

Milli kurikulumun tətbiqi ilə əlaqədar 2013/2014-cü tədris ilində  ibtidai,   5 və 6-cı siniflərdə  dərs  deyəcək  müəllimlər üçün təlim kursları təşkil edilmiş və onların həmin  təlimlərdə   iştirakı   təmin  olunmuşdur. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman,  Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman, “Cəsurlar” hərbi - idman, turizm yarışlarında qalib yerləri əsasən Bakı məktəblərinin şagirdləri tutmuşlar. Belə ki, “Şahin” hərbi - idman yarışında Bakı şəhərinin 220 nömrəli məktəbi birinci, 138 nömrəli məktəbi ikinci, 76 nömrəli məktəbi üçüncü yerləri, “Cəsurlar” hərbi - idman, turizm yarışlarında paytaxtın 138 nömrəli məktəbi birinci, 285 nömrəli məktəbi ikinci yerləri tutmuşlar. 

Göstərilənlərlə əlaqədar 2013 – 2014 - cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və əməli təkliflər hazırlamaq  məqsədilə

 

 

                                                                     ƏMR   EDİRƏM:

 

1. Bakı şəhəri təhsil işçilərinin 2013-cü  il sentyabr konfransının plenar iclası  10 sentyabr tarixində,  saat 11:00 - da Hyatt Regency otelinin Quba zalında keçirilsin.

2. Plenar  iclasda məktəb  direktorlarının,  seçmə  yolla  direktor  müavinləri və  qabaqcıl  müəllimlərin,  eləcə  də “Ən  yaxşı  müəllim” müsabiqəsi  qaliblərinin,  təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların  nümayəndələrinin  iştirakı təmin  edilsin. 

3. Sentyabr   konfransının:

3.1.  Bütün  fənlər  üzrə   metodik  bölmə  iclasları  11 sentyabr  2013 - cü  il   

 tarixində, saat 10:00 - da:

      Binəqədi  rayonundakı       3  və  102,     

      Qaradağ  rayonundakı        106  və  288 ,   

      Xəzər   rayonundakı           237,   

      Nəsimi  rayonundakı          164  və 44,   

      Nizami rayonundakı           210  və  61, 

      Sabunçu  rayonundakı        74,   

      Nərimanov  rayonundakı    258 ,  

      Suraxanı rayonundakı         285,   

      Xətai   rayonundakı             95,  

      Yasamal rayonundakı         20, 

      Səbail  rayonundakı           189  nömrəli  məktəblərdə  keçirilsin.

3.2    Məktəb  direktorlarının    bölmə iclası  11  sentyabr  2013 - cü  il   

    tarixində,  saat 10:00 - da  1  nömrəli   tam orta  məktəbdə;

3.3  Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası saat 10:00 - da     276   nömrəli  tam  orta   məktəbdə;

3.4   Tərbiyə işləri üzrə direktor müavinlərinin bölmə iclası  11  sentyabr  2013- 

 cü  il    tarixində,   saat 10:00 - da   248   nömrəli  tam orta   məktəbdə  keçirilsin. 

4. Bölmə iclaslarını keçirəcək şəxslərin siyahısı təsdiq edilsin (siyahı əlavə edilir).

5. Bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan çətinliklər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, məktəbəhazırlıq qruplarında işin təşkili, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris proqramları və dərsliklərin səviyyəsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlansın.

6. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektoru (B.Nəbiyev) plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirərək BŞTİ - nin gələcək fəaliyyətində nəzərə alınmasını təşkil etsin.

7. Metodik Mərkəz (V.Qurbanov) plenar  və metodik   bölmə  iclaslarında  irəli sürülmüş təkliflərin ümumiləşdirilərək   sentyabr  ayının  sonunadək  Təhsil Problemləri İnstitutuna  göndərilməsini təmin etsin.

8. Beynəlxalq və ictimaiyyətlə əlaqə sektoru (Z.Əsədova)  konfransın plenar və bölmə iclaslarının KİV - də ətraflı işıqlandırılması üçün tədbirlər həyata keçirsin.

9. Əmrin  icrasına  nəzarəti  öz  üzərimə götürürəm.

Əsas:Təhsil  nazirinin  15 avqust  2013 - cü il tarixli  əmri 

 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

                                                       28.08.2013  - cü il

№228-1