“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqənin keçirilməsi baradə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

2015-ci il Azərbaycan   Respublikasında  “Kənd təsərrüfatı ili”  elan edilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına” uyğun olaraq Azərbaycanda  aqrobiomüxtəlifliyin  qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarının genişləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Ümumtəhsil məktəblərinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda  respublika müsabiqəsinin  keçirilməsi  baradə Azərbaycan  Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli 1003 nömrəli əmri icra üçün qəbul edilsin.

2.Müsabiqənin Bakı şəhər mərhələsinin təşkilat komitəsinin tərkibi təsdiq olunsun

3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə

keçirilməsini  təmin etsin.

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini  təmin etsin. 

7.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan  Respublikası Təhsil Nazirliyinin 16.10.2015-ci il tarixli  1003 nömrəli  əmri.

 

 

Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov

 


 

 

         Əlavə:

Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsinin əsasnaməsi

Azərbaycan Respublikası təhsil nazirinin

16 oktyabr 2015-ci il tarixli
1003 №-li əmri ilə təsdiq olunmuşdur

 

I.Müsabiqənin  məqsəd və vəzifələri

 

 “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-cı illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi məqsədilə keçirilir.

Eyni zamanda Müsabiqə ekoloji təmiz kənd təsərrüfatının inkişafi və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair məktəblilərin maarifləndirilməsindən ibarətdir.

Müsabiqəsinin əsas vəzifələri aşağıdakılardır: 

1.1  Məktəblilərə Azərbaycanın aqrobiomüxtəlifliyinin, torpağın münbitliyinin qorunması üsullarının öyrədilməsi;

1.2  Ölkəmizdə kənd təsərrüfatı sahəsində məktəbli gənclərin fəal iştirakının təmin edilməsi və onlara “yaşıl fermer” anlayışının aşılanması;

1.3 Xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin kənd təsərrüfatı sahəsində ixtisas seçiminin və  peşəyönümünün istiqamətləndirilməsi.

 

II.Müsabiqənin şərtləri

 

2.1 Müsabiqədə ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər ilk mərhələdə 2015-ci ilin 15 - 30 oktyabr tarixədək Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (https.//www.Facebook.com/Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi) internet səhifəsində göstərilən xüsusi ərizə formasını dolduraraq qeydiyyatdan keçməlidir.Hər bir iştirakçı qeydiyyatdan keçdikdən sonra 02 – 16 noyabr tarixədək mütəxəssislərin rəyini almalı (ərazinin iqlim şəraiti, torpağın münbitliyi, rütubətliliyi və s.), təcrübə işinin aparılacağı hər hansı bir sahənin fotoşəklini çəkməli (iş görəcəyi ərazinin, istixananın, fermanın, bostanın, bağın və s.), istifadə edəcəyi bitki toxumunun mənşəyini öyrənməli və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin rəsmi facebook səhifəsinə göndərməlidir.

2.2 Ekoloji təmiz bitki növləri və regional yerli sortların becərilməsi, bitkiçilikdə və heyvandarlıqda  ekoloji  cəhətdən  təmiz  texnologiyaların  tətbiq  edilməsi  mühüm  şərtdir.

2.3 Torpağın təbii münbitliyinin artırılmasında kimyəvi-sintetik maddələrdən, pestisidlərdən, boy hormonlarından istifadə edilməməlidir. Ekoloji tələblərə uyğun olaraq (kompost, yaşıl gübrə, peyin çürntüsü və s.) üzvi  gübrə  tətbiq oluna bilər.

2.4 Təcrübənin yekununda yerli təmiz sortların toxumları Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin toxumçuluq fonduna verilməlidir.

2.5 Görülən işlər mərhələlərlə (yerin seçilməsi, yerin şumlanması, toxumun səpilməsi, torpağın kultivasiyası, becərilməsi, məhsulun yığılması, həmçinin heyvandarlıq sahəsində bütün mərhələlər ardıcıllıqla göstərilməlidir).

Görülən işlərin planı və fotoşəkillər 30 aprel 2016-cı il tarixədək Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin facebook səhifəsinə və e-mail: baku-ettm@mk.edu.az elektron ünvanına göndərilməlidir.

 

III.Tədbirin müddəti

 

3.1 “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”  mövzusunda məktəblilərin respublika müsabiqəsi 2016-cı ilin may - oktyabr aylarında 2 mərhələdə keçirilir:

- Zona mərhələsi – 2016-cı ilin may ayında zonalar üzrə;

- Respublika mərhələsi – 2016-cı ilin oktyabr ayında respublika üzrə şagirdlərin əldə etdikləri nəticələrin təqdimatları ilə birlikdə ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının Bakı şəhərində yekun sərgisi keçiriləcəkdir.

3.2 Müsabiqənin respublika mərhələsinin qaliblərini müşayiət edən nümayəndələrin ezamiyyə xərcləri rayon (şəhər) təhsil şöbələri və internat məktəbləri tərəfindən ödənilməlidir.

 

IV. Tədbirin keçirilmə qaydaları

 

4.1 Müsabiqədə hər şagird yalnız seçdiyi bir nominasiya üzrə iştirak etmək hüququna malikdir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılır.

4.1.1 Meyvəçilik;

4.1.2  Arıçılıq;

4.1.3 Heyvandarlıq;

4.1.4  Meşə məhsulları;

4.1.5 Tərəvəzçilik;

4.1.6 Subtropik bitkilər;

4.1.7 Gülçülük;

4.1.8 Dənli bitkilər;

4.1.9. “Balaca fermer”. Bu nominasiya üzrə I - IV sinif şagirdləri iştirak edirlər

4.2. Görülən işlərlə bağlı hər mərhələnin fotoşəkilləri çəkilməli, aqrar-praktiki və ya təcrübə işləri müşahidə gündəliyində qeyd edilməlidir. Müsabiqəyə təqdim olunan işlər Təşkilat komitəsinin razılığı ilə yaradılmış Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qiymətləndirilmə 100 ballıq sistemlə müəyyənləşdirilir.

Qeyd: Müsabiqədə qaliblərin seçimi ilə bağlı mübahisəli məsələlər yaranarsa, Təşkilat Komitəsi tərəfindən həmin mübahisəli məsələlərə yenidən baxılacaqdır.

Qiymətləndirmə meyarları: 1) layihənin şagirdlər tərəfindən müstəqil yerinə yetirilməsi – 5 bal;  2) layihənin bütün mərhələlərinin 3.5 bəndində göstərilən qaydada sənədlərinin münsiflər heyətinə təqdim olunması – 15 bal; 3) ekoloji təmiz bitki növləri və regional yerli sortların becərilməsi – 25 bal; 4) ekoloji  cəhətdən  təmiz  texnologiyaların tətbiq olunması və bu barədə ekspert rəyi – 20 bal; 5) elmin rəhbərin olması – 10 bal; 6) əldə olunmuş yerli təmiz sortların toxumların təhvil verilməsi – 15 bal; 7) təqdimatlar üzrə çıxışların qiymətləndirilməsi – 10 bal.

4.3 Zona mərhələsində – müsabiqə iştirakçılarının praktik işləri qiymətləndiriləcəkdir. Seçilmiş ən yaxşı layihələr Respublika mərhələsinə göndəriləcəkdir.

Zona mərhələsi 2016-cı ilin may ayının 1-dən 31-dək aşağıdakı zonalar üzrə keçiriləcəkdir:

• Abşeron zonasi üzrə Bakı şəhərində;

• Quba-Xaçmaz zonası üzrə Quba şəhərində;

• Lənkəran-Astara zonası üzrə Lənkəran şəhərində;

• Dağlıq Şirvan zonası üzrə Şirvan şəhərində;

• Aran zonası üzrə Göyçay şəhərində;

• Gəncə-Qazax zonasi üzrə Gəncə şəhərində;

• Şəki-Zaqatala zonası üzrə Şəki şəhərində;

• Naxçıvan MR zonası üzrə Ordubad şəhərində.

4.4 Respublika mərhələsində – müsabiqə iştirakçıları əldə olunan nəticələrə əsasən kompüter prezentasiyası (Power Point) formasında slaydlar hazırlanmalıdır.             Mövsümə uyğun olaraq əldə olunan ən yaxşı məhsul nümunələri 2016-cı ilin noyabr ayında keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” yekun sərgisində nümayiş olunması üçün təqdim edilməlidir. Görülən işlər münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Yekun sərgi hər il seçilən bir regionda keçiriləcəkdir.

 

V. Mükafatlandırma

 

Müsabiqə qalibləri Təhsil Nazirliyi tərəfindən  diplom və qiymətli hədiyyələrlə (I, II, III yerlər üzrə) mükafatlandırılacaqdır.