Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva: "Başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir" - “525-ci  qəzet” (28.03.2018)

Məhəbbət Vəliyeva: "Elektron ərizə qəbulu ilə əlaqədar vətəndaş müraciətləri operativ şəkildə cavablandırılır”

 

Bakı şəhəri üzrə elektron sistem vasitəsilə I sinfə qəbul prosesi davam edir. Fevralın 22-dən bu günədək valideynlərin böyük əksəriyyəti övladını elektron sistemdə qeydiyyatdan keçirib. Valideynləri maraqlandıran bütün məsələlərə dərhal aydınlıq gətirmək üçün zəruri tədbirlər görülüb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva ilə söhbətimiz də elə elektron sistem vasitəsilə I sinfə şagird qəbulu prosesi, bu sahədə tətbiq olunan yeniliklər və digər bu kimi məsələlərlə bağlıdır.

 

- Məhəbbət xanım, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu artıq 4-cü ildir ki, www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu sistem hansı zərurətdən tətbiq edilir?

 

- Bəli, qeyd etdiyiniz kimi, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. I sinfə elektron sənəd qəbulunun tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesi sadələşdirir. Xüsusilə nəzərə çatdırım ki, bu prosesdə başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir. Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ümumilikdə bunu reallaşdırmaq mümkün olub.

 

- Elektron sənəd qəbulunda tətbiq olunan yeniliklər valideynlərə hansı imkanları verir?

 

- İlk növbədə bildirim ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üzrə müsabiqədə iştirak edib uğur qazananlar və dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar I sinfə müsabiqədənkənar qəbul olunur. Yəni valideynlərin həmin uşaqları yenidən qeydiyyatdan keçirməsinə ehtiyac qalmır. Həmçinin qeyd edim ki, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil almış 24 000-dən çox uşağın I sinfə qeydiyyatı sistem tərəfindən avtomatik aparılıb. Elektron qeydiyyat zamanı valideynlər məktəbi, təlim dilini və müəllimi də seçə bilirlər. Onu da qeyd edim ki, məktəbəhazırlıq qruplarındakı uşaqların valideynləri məktəblərə sənəd təqdim edərkən, yalnız öz şəxsi səhifələrindən elektron ərizəni çap edib verməlidirlər. Bu yenilik deməyə əsas verir ki, ümumi təhsil müəssisələrindəki dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qrupları uşaqların I sinfə daha hazırlıqlı başlamasını təmin etməklə bərabər, həm də valideynləri övladlarını I sinfə qəbul üçün yenidən qeydiyyatdan keçirmək qayğılarından azad edir. Odur ki, növbəti dərs ili üçün dövlət məktəbəhazırlıq qruplarına maraq daha da artacaq və dövlətimizin yaratdığı bu imkandan daha çox uşaq istifadə edə biləcək.

 

- I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?

 

- Uşağın I sinfə qəbulu üçün valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə); Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi; xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş), uşağın sağlamlığı haqqında tibbi arayış, yəni forma 26U, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin, yaxud qanuni nümayəndənin "Şəxsi kabinet"indən çap olunmuş "Ərizə" məktəbə təqdim olunmalıdır. Bu sənədləri məktəbə valideyn və ya qanuni nümayəndə təqdim etməlidir.

 

- I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində bəzi məktəblərdə mikroərazi prinsipinin tətbiq olunması nə ilə bağlıdır?

 

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbdən yalnız kiçik bir qismində şagird qəbulu mikroərazi prinsipi əsasında aparılır. Mikroərazi prinsipi tətbiq edilən məktəblər paytaxt üzrə ümumi təhsil müəssisələrinin 10 faizindən də azdır. Bu məktəblərdə yer sayı ərizə sayından daha azdır. Bu səbəbdən də mikroərazi prinsipi tətbiq edilir. Bakıda mikroərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Ərazi prinsipi tətbiq edilən məktəblərin mikroərazisində kirayədə yaşayanlar isə övladlarını yalnız həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edim ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

- Hər il olduğu kimi, bu il də I sinfə qəbulla bağlı Apellyasiya komissiyaları fəaliyyət göstərirmi? Göstərirsə, harada?

 

- Bəli, bu il də I sinfə qəbulla bağlı Apellyasiya komissiyaları yaradılıb. Apellyasiya komissiyaları Binəqədi və Nəsimi rayonları üzrə 276, Səbail və Yasamal rayonları üzrə 236, Nizami və Nərimanov rayonları üzrə 129, Xətai və Suraxanı rayonları üzrə 95, Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə 169 nömrəli tam orta məktəblərdə, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-liseydə fəaliyyət göstərir.

 

- Məktəblərin seçimi hansı qaydada aparılır? Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü və valideyn məktəb seçdikdən sonra seçimini dəyişə bilərmi?

 

- Valideyn və ya qanuni nümayəndə əvvəlcə elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. Əgər valideyn məktəb seçdikdən sonra seçimini dəyişmək istəyirsə, o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

Qeyd edim ki, valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

 

- 2018-2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndirilir. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

 

- Bir qədər əvvəl qeyd etdiyim kimi, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə I sinfə elektron sənəd qəbulunun əhatə dairəsi genişləndirilir. Bu ildən etibarən ərizələrin onlayn qeydiyyatı Gəncə, Sumqayıt şəhərlərini və Abşeron rayonunun ümumi təhsil müəssisələrini də əhatə edir. Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən start verilib. İdiyədək artıq 40 000-ə yaxın uşaq elektron sistemdə qeydə alınıb. Bu isə paytaxt üzrə I sinfə qəbul proqnozunun təxminən 80 faizinə yaxın bir göstəricidir. Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda bu prosesə martın 12-dən başlanılıb. Elektron ərizənin qeydiyyatı prosesi sentyabrın 15-dək davam edəcək. Ümumilikdə, prosesin səmərəliliyi, paytaxtdakı müvafiq təcrübənin üstünlüyü nəzərə alınaraq, gələcəkdə I sinfə elektron sistem vasitəsilə ərizə qəbulunun bütün ölkəni əhatə etməsi nəzərdə tutulur.

 

- I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə müvafiq əmrə əsasən yaradılmış İşçi Qrupunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

- Hazırda İşçi qrupu tərəfindən I sinfə qəbul prosesi ilə bağlı müvafiq işlər görülür, qarşıya çıxan məsələlər operativ şəkildə aradan qaldırılır. Sənəd qəbulu üçün ümumi təhsil məktəblərində lazımi şərait yaradılıb və vətəndaş müraciətləri operativ şəkildə cavablandırılır. Məhz birgə və əməkdaşlığa əsaslanan işin nəticəsidir ki, I sinfə qəbul prosesinin yeni başlanmasına baxmayaraq, artıq paytaxtda I sinfə qəbul göstəricisi 80 faizə yaxınlaşmaqdadır.

 

- Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

 

- Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq iyunun 1-dən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi təhsil müəssisəsində təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur. Bu zaman valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış Pedaqoji-Tibbi-Psixoloji komissiyaya təqdim edilməlidir.

 

- I sinfə qəbulla bağlı sual yarandıqda hara müraciət etmək olar?

 

- Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə - 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

 

 - Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü? Belə uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

 

- Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin, yaxud qanuni nümayəndənin və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayış, yəni forma 26U ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərdən həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tələb olunur.

 

- I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması valideyn və ictimaiyyət tərəfindən necə qarşılanır?

 

- Müsbət qarşılandığına əminik. Çünki I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından çox səmərəli xidmət növüdür.

 

- 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb. Bu qaydalar hansılardır?

 

- 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən iyun-iyul ayları ərzində müsahibə təşkil olunacaq. Bu proses "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən həyata keçirilir. Onu da qeyd edim ki, 6 yaşı tamam olmayan uşaq üçün məktəb və müəllim seçimi uşaq müsabiqədən uğurla keçdikdən sonra aparıla bilər.

 

- 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda I sinfə müsabiqədənkənar qəbul edilə bilər?

 

- Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üzrə müsabiqədə iştirak edib uğur qazananlar və dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar I sinfə müsabiqədənkənar qəbul olunur.

 

Sevinc QARAYEVA

525-ci qəzet