Azərbaycan müəllimlərinin XV qurultayında təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsi  (28.11.2018)

Hörmətli qurultay iştirakçıları,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Azərbaycan müəllimlərinin 15-ci qurultayında Təhsil Nazirliyi adından, ölkəmizin bütün təhsil işçiləri adından Sizi ürəkdən salamlayır, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm.

Əlamətdar haldır ki, qurultay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdiyimiz bir dövrə təsadüf edir. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrinin inkişafında, xalqımızın ictimai-siyasi və mədəni həyatında müstəsna rol oynamış, milli təhsil quruculuğu sahəsində tarixi qərarlar qəbul etmişdir. Xüsusi iftixar hissi ilə qeyd etmək lazımdır ki, cümhuriyyətin müstəqillik ideallarını Ulu öndər Heydər Əliyev gerçəkləşdirdi və əbədiləşdirdi, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə müstəqil və güclü Azərbaycanın möhkəm təməlini yaratdı.

Ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilməyə başladı. Ölkə Prezidentinin uğurlu xarici siyasəti nəticəsində müstəqil ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, müəllifi olduğu müasir inkişaf və idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrildi, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırdı. Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşmış, ölkəmizin mövqeyi 12 indikatordan doqquzu üzrə yaxşılaşmışdır. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunmuş, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olmuşdur. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlmişdir.

Göründüyü kimi, son illər çağdaş təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Dövlət başçısının vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konseptual müddəalarının əsasında da məhz həmin yanaşma dayanır.

Qeyd edilən məqsədə nail olunması üçün ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də qəbul edilmiş və tədbirlərin icrasına başlanmışdır. Təsdiq edilməsindən 5 il ötmüş Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemininin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir.

Strategiyada 5 strateji istiqamət - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə islahatların aparılması nəzərdə tutulmuşdur.

 

Hörmətli qurultay iştirakçıları,

 

Strategiyada nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumatları diqqətinizə təqdim etmək istərdim.

Təməl bacarıqların uşaqlıq dövründən əldə edildiyi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq təhsil tariximizdə ilk dəfə dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanmışdır. 2016-cı ildə həmin yaşda olan uşaqların 55 faizi, 2017-ci ildə 65 faizi, cari ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilmişdir. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici 24 faiz təşkil edirdi. Məktəbəhazırlıq qruplarında işləyən 10 minədək ibtidai sinif müəllimi təlimlərə cəlb edilmiş, yeni məzmun və tədris materialları hazırlanaraq tətbiq edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Hədəfimiz əhatə səviyyəsinin 2020-ci ildə 90 faizə çatdırılmasıdır, növbəti illərdə isə hər bir uşaq üçün belə imkanın yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. 

2017-ci ildən YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə “3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi”nin tətbiqinə başlanmış, layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 min uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 132-yə çatmışdır.

Məlumdur ki, şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında ümumi təhsil müstəsna əhəmiyyətə malikdir və bu baxımdan ən geniş əhatə dairəsi olan bu təhsil pilləsinə həmişə xüsusi diqqət göstərilmişdir. İdarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. Belə ki, son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlmiş, imtahan nəticələri 17% artmışdır.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin tətbiqinə başlanmışdır. Ümumi təhsil müəssisələrinin IX və XI siniflərində buraxılış imtahanlarının məzmununun müəyyənləşdirilməsi, yeni qiymətləndirmə vasitələrinin tətbiqi sahəsində Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlər həyata keçirilmişdir.

Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar hazırlanmışdır. Hesab edirik ki, yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək.

Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son beş ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır. Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir ki, bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Ölkədə ali təhsil alma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olmuş, bu göstərici cari ildə 41 min nəfər təşkil etmişdir.

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənmiş, bu məqsədlə olimpiadaya hazırlıq mərkəzləri yaradılmışdır. Cari ildə Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş və 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanmışdır. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və Hökumətə təqdim edilmişdir. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu təsbit edilməklə cəmiyyətdə çoxdan müzakirə edilən bu məsələ öz həllini tapmışdır.

Son illərdə Azərbaycan beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakını bərpa etmiş və nəticələrini yaxşılaşdırmışdır. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, şagirdlərimizin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artmışdır. Növbəti illərdə ölkəmizin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı təmin ediləcək.  

Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanmış, cari tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil etmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirirlər. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanmışdır. 

 

Hörmətli qurultay iştirakçıları,    

 

Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə “Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilmişdir. 

Onu da diqqətə çatdırım ki, son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir, belə ki, 2013-cü ildə bu göstərici 138 min olmuşdusa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilmişdir. Ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir. Belə ki, 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötmüşdür. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşmış, 8.5-dən 10.5-ə yüksəlmişdir. Optimallaşdırma tədbirləri növbəti illərdə də davam etdiriləcək. 

Təhsil müəssisələrində İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal şəbəkənin inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi və digər hədəflər əhatə olunmaqla “Təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılmış, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşmışdır. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırmış, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olmuşdur.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə mərkəzləşdirilmiş müsabiqə mexanizmi son illərdə şəffaflıq və obyektivlik baxımından daha da təkmilləşdirilmişdir. Cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət etmişdir ki, bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Son 5 ildə 18136 müəllim işə qəbul olunmuş, onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərinə (64 faiz) Hökumətin qərarı ilə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir.

Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” layihəsi çərçivəsində davamlı olaraq stimullaşdırıcı tədbirlər həyata keçirilmiş, qəbul imtahanlarında 500 və daha artıq bal toplamış və müəllimlik ixtisasını ilk sıralarda seçmiş tələbələr üçün təqaüd müəyyənləşdirilmiş, son 5 ildə bu təqaüddən 1500 tələbə faydalanmışdır.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi və əməkhaqqının əhəmiyyətli artımı, şəffaf və obyektiv müsabiqə yolu ilə işə qəbulu, bu istiqamətdə həyata keçirilən digər tədbirlər nəticəsində müəllim peşəsinə maraq əhəmiyyətli şəkildə artmışdır. Belə ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin  sayı 2090 nəfər olmuşdur ki, bu da  2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək demişdir: “Müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır.” Sitatın sonu.

İxtisasartırma təlimlərinin səmərəli və peşəkar səviyyədə aparılmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılmışdır. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilmiş, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfərə qədər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilmişdir ki, onlardan 25 mini yalnız cari ilin payına düşür.

Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilmiş, son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilmişdir. Bu istiqamətdə daha çevik mexanizmlərin tətbiqi, ehtiyat kadrların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilmiş, ölkədə son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılmışdır. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi əsasən həll ediləcəkdir.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və 2017-ci ilin sonunda təsdiq edilmişdir. Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Son illərdə məktəbdənkənar təhsil müəssisələri tərəfindən gənclərin yaradıcı və intellektual inkişafı ilə bağlı intellektual oyunlar, ayrı-ayrı idman növlərinin təbliği, perspektivli idmançıların aşkar edilməsi, onlarda idmana marağın artırılması, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə çoxsaylı idman yarışları və tədbirləri, musiqi, incəsənət və bədii yaradıcılıq sahəsində istedadlı, yaradıcı gəncləri üzə çıxarmaq məqsədi ilə müxtəlif festival, müsabiqə və konsertlər, şagirdlərin elm və texnologiyalara, innovasiyalara marağını artırmaq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, onlarda ekoloji mədəniyyət formalaşdırmaq, eyni zamanda onların vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Hər il bu tədbirlərdə 100 minlərlə şagird və tələbə iştirak etmişdir.

Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanmışlar.

Əldə edilmiş bu nailiyyətlərlə yanaşı, hesab edirəm ki, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələləri olmalıdır.

 

Hörmətli qurultay iştirakçıları,    

 

Bildiyiniz kimi, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı ÜDM-in səviyyəsinin yüksəlməsinə, insan kapitalının formalaşmasına, işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, xüsusilə gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.

2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda yerləşən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması həyata keçirilmiş, ümumilikdə 34 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Peşə Təhsil Mərkəzi yaradılmışdır. Təhsil Nazirliyi tərəfindən iri sənaye mərkəzlərində və regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davam etdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Mingəçevir şəhərində regionun xüsusiyyətləri nəzərə alınaraq ixtisaslaşmış "ASAN Peşə" Təhsil Mərkəzi yaradılmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış kredit sazişinə əsasən, sənaye və innovasiyalar üzrə ixtisaslaşmış peşə təhsil mərkəzinin tikintisinə başlanılmışdır.

Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanmışdır. Layihə çərçivəsində Gəncə, Qəbələ, Qax, İsmayıllı və Bərdə rayonlarında peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin keçirilməsi tədbirləri həyata keçirilməkdədir. 

2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün “ASAN Peşə” layihəsinə başlanmış, hazırda ölkəni tam əhatə etmişdir. Qəbulun keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli dəyişikliklər baş vermiş, qəbul edilənlərin 20%-nin orta attestat balı “4”-dən yuxarı olmuşdur. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və “5” olanların sayı son 2 ildə 3 dəfədən çox artmışdır.

İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilmişdir.

Peşə təhsili müəssisələrində müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, yüksək hazırlıqlı peşəkar insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində ölkə Prezidentinin Sərəncamına əsasən, 2017-2018-ci illərdə 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır.

Orta ixtisas təhsilinin inkişafı ilə bağlı Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılmışdır. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmış, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Bununla əlaqədar həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuşdur. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Danılmaz faktdır ki, iqtisadiyyatın dayanıqlı inkişafında ali təhsil müstəsna əhəmiyyət daşıyır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatın müxtəlif sahələrində davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar ötən qurultaydan sonrakı dövrdə ali təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.

Ali təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədi ilə ölkə Prezidentinin Sərəncamlarına əsasən, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti, mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti, vətəndaşlarımıza yüksək ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil və ikili diplom almaq imkanı verən Fransız-Azərbaycan Universiteti (UFAZ) yaradılmışdır. Ölkənin 10 universitetində ikili diplomların verilməsi təcrübəsi və beynəlxalq proqramlar tətbiq olunmuş, bununla əlaqədar tədris planları və proqramları tərəfdaş universitetlərin standartlarına uyğunlaşdırmışdır. Hazırda həmin ali məktəblərdə 10 minədək tələbə ingilis dilində təhsil alır.

2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Son iki ildə SABAH qruplarını 1572 məzun bitirmişdir və ilkin təhlillərə əsasən onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlamışdır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanmışdır.  Eyni zamanda, ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alırlar.

Ali təhsil sahəsində keyfiyyət göstəricilərinin yüksəlməsi nəticəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayında müsbət dinamika müşahidə edilməkdədir. 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla 5871 nəfər təşkil etmişdir, bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

Elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan „Clarivate Analytics“ şirkəti və Təhsil Nazirliyi arasında bağlanmış Sazişə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edilməsi ilə başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə 75% artım müşahidə olunmuş, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68% artım qeydə alınmışdır. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxmışdır. 2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınmış, onların təxminən 43%-i ali təhsil müəssisələrinin payına düşmüşdür. Bununla belə, bu sahədə mövcud olan potensial imkanlardan daha səmərəli istifadə istiqamətində səylər daha da gücləndirilməlidir.

Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 216 sifariş verilmiş, ixtiralara alınan patentlərin sayı isə 164 olmuşdur ki, onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınmışdır. Onu da qeyd etmək lazımdır ki, universitetlərin mövcud elmi potensialı patentlərin sayının əhəmiyyətli şəkildə artırılmasına imkan verir. Bu baxımdan mövcud elmi potensialdan səmərəli istifadə edərək elmi tədqiqatların keyfiyyət əmsalının artırılması, nüfuzlu beynəlxalq nəşrlərdə elmi məqalələrin çapının genişləndirilməsi, tədqiqat nəticələrinin daha geniş tətbiqinə nail olunması ali təhsil və elmi tədqiqat müəssisələri qarşısında duran əsas vəzifələrdəndir.

Son illərdə elmi kadr hazırlığını təmin edən doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” NİZAMİ layihəsi həyata keçirilir. Layihə çərçivəsində ölkədə doktorantura təhsili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, bu səviyyədə keyfiyyətin təminatı və beynəlmiləlləşmənin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Hörmətli qurultay iştirakçıları,

 

Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

Məhz bu yanaşmadan çıxış edərək “Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması” istiqamətində uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları hazırlanmış, onların təsdiqi və tətbiqi ilə bağlı işlər davam etməkdədir.

Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurların tətbiqinə başlanmışdır. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 332 adda 6,7 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait  çap edilib məktəblərə paylanmışdır. Daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və dərslik hazırlığı üzrə mütəxəssislər cəlb edilmiş, qabaqcıl təhsil sistemlərinin təcrübəsi və bu sahədə mövcud olan innovasiyalar tədqiq edilmiş, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır.

 

Hörmətli qurultay iştirakçıları,

 

Bildiyiniz kimi, təhsil daim dəyişən və yeniliklər tələb edən bir sahədir. Bu baxımdan növbəti qurultayadək həlli vacib olan bir sıra məsələlərə diqqətinizi yönəltmək istərdim. Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir.  Qəbul etməliyik ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacaq. Bununla əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır.

Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanmışdır. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi bu istiqamətdə əsas hədəflər kimi müəyyən edilmişdir.

Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq ixtisasların yeni məzmununun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.

Ali təhsil sahəsində fəaliyyətimizin ən mühüm istiqamətləri əhatəliliyin və keyfiyyətin artırılmasıdır. Bildiyiniz  kimi, bir neçə gün əvvəl ölkə başçısı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın birinci istiqaməti çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Hesab edirəm ki, proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və kadr potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Əlavə olaraq, keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.

 

Hörmətli qurultay iştirakçıları, 

 

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulmuş məqsədlərə nail olmaq olar.

İnanıram ki, müasir dövrün çağırışlarına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.

 

Diqqətinizə görə təşəkkür edirəm.