Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin “525-ci  qəzet”ə müsahibəsi (20.12.2019)

Təqvim ilinin yekunları: uğurlar və hədəflər

 

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb fəaliyyət göstərir".

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı danışarkən deyib. O bildirib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 27 192 müəllim çalışır. Sözügedən məktəblərdə 441 077 şagird təhsil alır. Bundan başqa, məktəblərin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

R.Tağıyevin sözlərinə görə, təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.  Son illər məhz təhsil sahəsində gedən inkişaf və  təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur: "Ötən illərdə olduğu kimi, 2019-cu il də keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla əlamətdardır. 2019-cu ildə ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb".

2019-cu ildə edilən yeniliklər barədə danışan BŞTİ müdiri vurğulayıb ki, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb: "2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.  BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3 126-sı isə lisey və gimnaziyaları seçib. 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. 2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb. Şagird yerdəyişməsi elektronlaşdırılıb.

2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir. Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb".

R.Tağıyev qeyd edib ki, 2019-cu ildə İdarənin  tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. 15 məzun qızıl və gümüş medala layiq görülüb

Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.

İdarə müdirinin dediyinə görə, təqvim ilində 39 məktəbdə 170 "Sağlam təhsil" sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir.

Həmçinin, cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərir: "Məlumat üçün bildirim ki, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır".

R.Tağıyevin sölərinə görə, məktəblərdə fəaliyyət göstərən "Kiçik akademiya"lar yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir. Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində  "Kiçik Akademiya" fəaliyyət göstərir. 22 məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür: "Şagirdlərdə tədqiqatçılıq bacarığını formalaşdırmaq, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqla təfəkkürün inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Rəqəmsal bacarıqlar" layihəsinə artıq 75 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə "İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi" mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Layihə çərçivəsində 12 ümumi təhsil məktəbində "Kod saatı" aksiyası keçirilib. Aksiyada ümumilikdə 1 757 nəfər şagird iştirak edib".

İdarə müdiri bildirib ki, ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub: "Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin, "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib".

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub. Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 943 nəfər daimi əsaslarla işə qəbul olunub. Bunlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 55 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib: "2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Bu il təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 23 nəfər psixoloq vəzifəsinə, 24 nəfər kitabxanaçı vəzifəsinə, 9 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 152 nəfər laborant vəzifəsinə işə qəbul olunub. Ümumilikdə, 282 nəfərin işə qəbulu həyata keçirilib. İdarənin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib".

R.Tağıyev deyib ki, 2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

R.Tağıyev əlavə edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın" aksiyası davam etdirilir: "Aksiya çərçivəsində şagirdlərə şəxsiyyət vəsiqələri verilir və müvafiq sənədlərin dəyişdirilməsi təmin edilir. Aksiya dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədlərinə xidmət edir. Həmçinin, məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsi şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri alması məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırır. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, şagird yerdəyişməsi və digər müvafiq hallarda qarşıya çıxan sualların da aradan qaldırılmasına xidmət edir".

İdarə müdirinin sözlərinə əsasən,  paytaxtda müəllim və valideynlərin səyyar qəbulu prosesi hər il olduğu kimi, 2019-cu ildə də davam etdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması,vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 

S.QARAYEVA