Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin AZƏRTAC-a müsahibəsi (11.06.2020)

Qaydalara riayət edərək cəmiyyətimizi qoruyaq

 

Bakı, 11 iyun, AZƏRTAC

 

Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətin apardığı mübarizədə Azərbaycan xalqının sarsılmaz həmrəylik nümayiş etdirməsi ən yüksək ehtirama layiqdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tədbirlərə hər bir vətəndaşın bacardığı qədər töhfə verməsinin nəticəsidir ki, Azərbaycan virusla mübarizədə ən üstün təcrübəyə malik ölkələrdəndir. Sevindirici haldır ki, pandemiyanın respublikamızda geniş yayılmasının qarşısı alınıb. Lakin təhlükə tam sovuşmayıb, xəstəliyə yoluxma halları hələ də davam etməkdədir. Təəssüf ki, hər gün koronavirus infeksiyasına yoluxma faktları qeydə alınır. Respublikamızda koronavirusla əlaqədar karantin rejimi tətbiq edilir. Əhalinin sağlamlığını qorumaq üçün ən real üsul kimi özünütəcrid və şəxsi gigiyena qaydalarına ciddi riayət olunması tövsiyə olunur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşdə Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə, həmrəyliyə görə təşəkkür edib və bildirib: “Qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.

Biz hər birimiz ölkə rəhbərinin bu çağırışına qoşularaq və qaydalara riayət edərək ilk növbədə özümüzü, ətrafımızı və cəmiyyətimizi qorumalıyıq. Çünki dövlətin atdığı müvafiq addımlar, mütəxəssislərin qoyduğu tələblər bizim sağlamlığımız üçündür.

Hər bir vətəndaş dövlət tərəfindən mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə bundan sonra da dəstək verməlidir. Hər kəs koronavirus infeksiyası ilə mübarizədə məsuliyyətini tam anlamalıdır.

Rəşad Tağıyev bildirib ki, mövcud sanitar-epidemioloji vəziyyətin ilk günlərindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini əsasən məsafədən təşkil edir. Bununla belə, əməkdaşların xüsusi karantin rejimi ilə bağlı müvafiq qaydalarda əksini tapan meyarlara uyğun gələn bir qismi zəruri səbəblərdən işə çıxsa da, birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb. Ancaq onlayn proqramlar, elektron poçt, telefon və digər müvafiq vasitələrlə qarşılıqlı əlaqə yaradılır. İdarənin inzibati binası daxilində işçilər tibbi maskadan istifadə edirlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, fəaliyyətimizin məsafədən təşkil olunması kollektivimizə infeksiyadan daha etibarlı şəkildə qorunmağa və səmərəli işləməyə imkan verir. İşdən və ya evdən aparılan müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır, pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması ilə bağlı təklif və tövsiyələr verilir. Eləcə də məktəblilər arasında onlayn müsabiqələr təşkil olunur. Bundan əlavə, valideyn və şagirdlərə mövcud şəraitdə psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirmək məqsədilə BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi keçirilir. Layihə çərçivəsində məktəb psixoloqlarının ayrı-ayrı mövzular üzrə çıxışları BŞTİ-nin, təhsil müəssisələrinin internet resursları üzərindən yayımlanır.

Fəaliyyətin məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, əməkdaşların sağlamlığının daha etibarlı qorunması üçün əlverişli şəraitin yaradılması və onlayn tədris məsələlərinin müzakirəsindən ibarətdir. Həmçinin BŞTİ-də müvafiq qabaqlayıcı tədbirlər görülüb, vaxtaşırı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Eləcə də bütün təhsil müəssisələrində dezinfeksiya işləri başa çatdırılıb. Hazırda ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr keçirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir. Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.

“Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir. Onu da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar, görülən təsirli tədbirlərin böyük ictimai dəstək qazanması Azərbaycan cəmiyyətində təşəkkül tapmış qarşılıqlı etimad mühitinin təzahürüdür. Xalqın öz dövlətinə və ölkə rəhbərinə olan inamı hər bir problemi həll edəcəyimizə, bu sınaq mərhələsini də uğurla adlayacağımıza əminlik hissi yaradır. Ancaq bunun üçün dövlətin həyata keçirdiyi tədbirlərə hər bir vətəndaş dəstəyini daha da artırmalı, birlikdə güclü olduğumuzu sona qədər sübuta yetirməliyik. İnsan sağlamlığına hər hansı təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Dövlətimizin bütün çağırışlarına əməl etmək, problemin tezliklə aradan qaldırılmasına layiqli töhfə vermək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidir ki, xəstəliyə yoluxma sayının daha da artması ilə üz-üzə qalmayaq. Çünki ölkə Prezidentinin dediyi kimi, biz birlikdə güclüyük!”, - deyə Rəşad Tağıyev qeyd edib.