Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin “Respublika” qəzetinə müsahibəsi (23.06.2020)

Başlıca amil hər şəraitdə düzgün qərarlar verməkdən ibarətdir

 

Daha bir dərs ili başa çatıb. Dünyanı bürüyən pandemiya səbəbindən bütün sahələr kimi, təhsil sektoru da ciddi sınaq qarşısında qalsa da, qəbul olunan çevik qərarlar və Azərbaycan müəlliminin yüksək hazırlığı, fədakarlığı ölkənin təhsil həyatında ahəngi qorumağa imkan verdi. Sözsüz ki, başlıca amil istənilən şəraitdə düzgün qərarlar verməkdən ibarətdir. Bu baxımdan başa çatan dərs ilinin nəticələri və müvafiq göstəriciləri ciddi ictimai maraq doğurur.

Bu və ya digər suallara cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə müraciət etdik.

 

- Rəşad müəllim, daha bir dərs ili başa çatdı. Bu tədris ilinin yekunlarını necə səciyyələndirərdiniz?

- Öncə 2019-2020-ci dərs ilinin başa çatması münasibətilə məzunları, onların müəllim və valideynlərini təbrik edirəm! İnanıram ki, birgə zəhmətin nəticəsini məzunların bundan sonrakı uğurlarında, onların gələcək həyat yollarındakı nailiyyətlərində görə biləcəyik.

Məlum olduğu kimi, mart ayının əvvəlindən etibarən mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinin fəaliyyətində müvəqqəti fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olundu. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin tədris mühitindən ayrılmaması üçün əlverişli zəmin yaratdı. Həmçinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Virtual məktəb” layihəsi təhsilverənlər və təhsilalanlar arasında rəğbətlə qarşılandı. Qısa müddətdə müəllim və şagirdlərin mütləq əksəriyyəti “Virtual məktəb” layihəsində qeydiyyatdan keçdilər.

Beləliklə, arzuolunmaz sürprizlərə baxmayaraq, başa çatan 2019-2020-ci tədris ilini, ümumilikdə, uğurlu qiymətləndirə bilərik. Təhsili idarəetmə qurumları, müəllim, şagird və valideynlərin birgə əməkdaşlığı, eləcə də cəmiyyətin, ictimaiyyətin dəstəyi ilə bu dönəmi uğurla adlamağı bacardıq. Baş verən prosesləri hərtərəfli təhlil edəndə bir daha görürük ki, əldə olunmuş uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətin apardığı mübarizədə Azərbaycan xalqının həmrəylik nümayiş etdirməsi ən yüksək ehtirama layiqdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tədbirlərə hər bir vətəndaşın bacardığı qədər töhfə verməsinin nəticəsidir ki, Azərbaycan virusla mübarizədə ən üstün təcrübəyə malik ölkələrdəndir. Pandemiyanın respublikamızda geniş yayılmasının qarşısı alınsa da, təhlükə tam sovuşmayıb, hər gün koronavirus infeksiyasına yoluxma faktları qeydə alınır. Respublikamızda tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblərə əməl olunması üçün təhsil işçiləri də cəmiyyətin maarifləndirilməsi baxımından üzərlərinə düşən missiyanı layiqincə dəyərləndirir, valideyn və şagirdlərlə daimi əlaqə yaradırlar.

 

- Dərs ili başa çatdığı üçün, ilk növbədə, ümumi göstəricilərə, nəticələrə qısa nəzər salmaq maraqlı olardı...

- 2019-2020-ci tədris ilində ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. 2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil - sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərib.

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

BŞTİ və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərib.

Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib. Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb.

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib. BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə əmrinə əsasən, 32 ümumi təhsil məktəbində layihənin tətbiqinə başlanılıb.

Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təlimlərdə 2500-dən çox ibtidai sinif müəllimi iştirak edib. Məktəbəhazırlıq qruplarında tədris aparacaq 1000-ə yaxın müəllim üçün yekun qiymətləndirmə keçirilib.

2019-2020-ci tədris ilində müxtəlif mövzular üzrə keçirilən ixtisasartırma təlimlərində ibtidai sinif və fənn müəllimlərindən ibarət 8000-dən çox təhsil işçisi iştirak edib.
Həmçinin BŞTİ ilə Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün təlimlər təşkil edilib.

2019-2020-ci tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla, ümumilikdə, 993 medal əldə ediblər.

Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb. Qazanılmış uğurlardan danışarkən qeyd etməliyik ki, bunların hamısı davamlı dövlət qayğısı sayəsində mümkün olub.

2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 3 təhsil müəssisəsinin - 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
“Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda, “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

2019-2020-ci tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan 288 nəfər təhsil işçisi təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

 

- Rəşad müəllim, pandemiya səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdə işlərinizi necə təşkil etdiniz?

- BŞTİ mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, ilk günlərdən fəaliyyətini məsafədən təşkil edir. Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur.

Eləcə də ictimaiyyəti maraqlandıran aktual məsələlərə dair BŞTİ-nin sosial şəbəkə səhifələri üzərindən canlı yayımlar təşkil olunur, bütün aktual suallar operativ şəkildə cavablandırılır.
BŞTİ-də və paytaxtın ümumi təhsil müəssisələrində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.

Xüsusi qeyd olunmalıdır ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən “Teledərs” layihəsi həyata keçirilib. Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən təşkil edilən teledərslər martın 11-dən başlayaraq telekanallarda həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunub. “Teledərs”lərdə paytaxt müəllimləri də fəal iştirak ediblər.

Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusilə qeyd olunmalıdır. Mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib.

Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - “Virtual məktəb” layihəsi fəaliyyətə başladı. Teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə, məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə, bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidməti fəaliyyət göstərib. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi dövründə evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yaradıblar.

146-3 “Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.
“Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsinə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.
BŞTİ tərəfindən 28 May - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib.

BŞTİ tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı onlayn tədbir keçirilib. Onlayn tədbirdə Təhsil naziri Ceyhun Bayramov uşaqları təbrik edib.
BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi həyata keçirilib. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunub.

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil olunub.

Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər.

Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, “Evdə qal, nümunə ol!” və digər bu kimi fikirləri ifadə ediblər. Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb vaxtdan daha səmərəli istifadə etməyin yolları barədə də məlumat veriblər.

COVİD-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanması istiqamətində müvafiq tədbirlər görülüb.

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar, görülən təsirli tədbirlərin böyük ictimai dəstək qazanması Azərbaycan cəmiyyətində təşəkkül tapmış qarşılıqlı etimad mühitinin təzahürüdür. Xalqın öz dövlətinə və ölkə rəhbərinə olan inamı hər bir problemi həll edəcəyimizə, bu sınaq mərhələsini də uğurla adlayacağımıza əminlik hissi yaradır. Ancaq bunun üçün dövlətin həyata keçirdiyi tədbirlərə hər bir vətəndaş dəstəyini daha da artırmalı, birlikdə güclü olduğumuzu sona qədər sübuta yetirməliyik. İnsan sağlamlığına hər hansı təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Dövlətimizin bütün çağırışlarına əməl etmək, problemin tezliklə aradan qaldırılmasına layiqli töhfə vermək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidir ki, xəstəliyə yoluxma sayının daha da artması ilə üz-üzə qalmayaq. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük!

 

- Hazırda valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların I sinfə qeydiyyatı və digər dildə tədris aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi prosesidir. Bu istiqamətdə yenilik və nəticələr nədən ibarətdir?
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 000-ə yaxın müraciət edilib. Bu isə nəzərdə tutulan proqnozun 90 faizindən çoxdur.

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərə ənənəvi (canlı) və ya onlayn müsahibə formalarını seçmək imkanı verilib. Ancaq mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir. Ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçə bilərlər. Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilir.

Müşahidələr göstərir ki, onlayn müsahibələrə maraq artıb. Onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir. Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.

Onu da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar bütün imkanlar valideynlərin rahatlığının təmin olunmasına və uşaqların təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına xidmət edir. Bu səbəbdən, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədlərinə xidmət edir.

Məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı elektron formada aparıldığı üçün I sinfə qəbul prosesi zamanı həmin uşaqların təkrar qeydiyyatına ehtiyac qalmır. Ötən dərs ilində BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarına Bakı şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.
 

- Rəşad müəllim, təbii ki, fəaliyyətinizin əsasını təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər təşkil edir. Nəticələr qənaətbəxşdirmi?
- Təhsil sahəsi daim inkişafda olan, dəyişən, yeniləşən, islahatlara açıq sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.

İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib, nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə müzakirə olunub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib. Təhsildəki nailiyyətlər, eyni zamanda istedadlı şagirdlərin nəticələrində, ölkə və dünya miqyasında qazandığı uğurlarda özünü göstərir. IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadaları keçirilib. Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın, yarımfinal turunda isə 1 810 şagird iştirak edib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur. Məktəblilər virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) 3 medal qazanıblar.

Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal əldə ediblər.

Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub. Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

Uğurların artırılmasında beynəlxalq təcrübə mübadiləsi mühüm rol oynayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin (Red: BŞTİ müdiri Rəşad Tağıyevin rəhbərliyi ilə) İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. Səfər “Məktəb İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr edilib. Səfər çərçivəsində təcrübə mübadiləsi aparılıb, görüş və müzakirələr keçirilib.
 

- Bütün uğurlar kadr potensialından, yüksək səviyyəli pedaqoji və idarəçi heyətdən asılıdır. Bu sahədə vəziyyət necədir?

- Təbii ki, son illərdə təhsil sahəsində istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçiminə peşəkar yanaşma, ciddi və şəffaf meyarlar tətbiq olunur.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub. Keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul edilib. Onlardan: 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində; 319 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.

2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.

 

- Rəşad müəllim, bir az da məktəbdənkənar tədbirlər haqqında nə deyə bilərsiniz? Şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşması istiqamətində hansı addımlar atılır?
- Tədris uğurları ilə yanaşı şagirdlərin layiqli vətəndaş kimi formalaşması məsələsi də paralel diqqət mərkəzində saxlanılır.

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib.

Həmçinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər təşkil edilib.

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Hərbi-vətənpərvərlik oyunları, yarışlar da ənənəvi xarakter daşıyır.

 

- Məktəb infrastrukturunun yenilənməsi işləri necə gedir?

- 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 3 məktəb sökülərək yenidən tikilib. Zəruri olan ərazidə isə 1 yeni məktəb istifadəyə verilib.

2 məktəbin, bütövlükdə, sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
 

- Vətəndaş qəbulu və müraciətlərin cavablandırılması barədə nə demək olar?
- Ölkəmizdə vətəndaş müraciətlərinə olan həssas münasibət hər bir qurumun qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan, qanunvericiliyin tələbləri və dövlət başçısının çıxışlarında vurğuladığı məsələlər hər birimiz üçün müvafiq fəaliyyət istiqamətinin əsasını təşkil edir.

2019-2020-ci tədris ili ərzində BŞTİ-yə 55 066 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 8 320 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi karantin rejimi dövründən öncə 1 289 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

12 651 sənəd (vətəndaşlar tərəfindən 2 874 ərizə, Təhsil Nazirliyindən 1 611, digər qurumlardan 1 712, məktəblərdən 4 370 məktub, 594 strukturdaxili yazışma və 1 490 kadr ərizəsi) qəbul olunub. Həmçinin 4 542 elektron müraciətə baxılıb.

Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

 

- Artıq məktəblilərin yay tətili başlayıb. Bu dövrdə şagird, müəllim və valideynlərə nə kimi tövsiyələr vermək istərdiniz?

- İlk olaraq hər kəsə koronavirus infeksiyasından qorunmaq və onun yayılmasının qarşısını almaq üçün bütün gigiyenik normalara və karantin qaydalarının tələblərinə əməl etmələrini, daha diqqətli olmalarını tövsiyə edirəm. Bütün uğurların təməlində sağlamlığın dayandığını, özümüzü, doğmalarımızı, yaxın ətrafımızı və cəmiyyətimizi qorumaq işində hər birimizin üzərinə eyni məsuliyyət payının düşdüyünü unutmamalıyıq.

Şagirdlər koronavirus infeksiyası təhlükəsinə görə uzun müddətdir ki, məktəbdən, aktiv tədris mühitindən kənarda qaldılar. Məktəblilər üçün teledərslər və onlayn tədris imkanları yaradılsa da, övladlarının asudə vaxtlarını daha yaxşı dəyərləndirmək üçün valideynlərin də kifayət qədər təcrübə topladığını düşünürük. Şagirdlərin bu müddətdə olduğu kimi, bundan sonrakı mərhələdə də asudə vaxtlarını daha yaxşı dəyərləndirmələri üçün valideynlərin üzərinə, xüsusilə, böyük məsuliyyət düşür. Onlar uşaqların asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, övladlarını yorulmadan öyrənməyə və araşdırma ruhuna kökləməyə həvəsləndirməlidirlər. Sözsüz ki, yay tətili vaxtı kitab oxumaq şagirdlərin ən sevimli məşğuliyyətlərindən biri olacaq. Valideynlər də unutmamalıdırlar ki, uşaqlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vacib amillərdəndir. Valideynlər yay tətilində diqqətlərini bu məsələlərə yönəltməli və müəllimlər də bu işdə öz dəstəklərini göstərməlidirlər. Həmçinin müəllimlər onlayn təmaslar vasitəsilə vaxtaşırı uşaqlarla ünsiyyət yarada, onlara yay tətilinin daha yaxşı təşkili baxımından tövsiyələrini verə bilərlər. Unutmamalıyıq ki, gücümüz də, uğurlarımız da birlikdədir.

 

Əli SADIQOV,

“Respublika”.