Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?
Cavab: Xeyr. Bu halda yalnız bir təhsil müəssisəsi seçməyə icazə verilir.

Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi tam olaraq hansı halda başa çatmış hesab olunur?
Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi başa çatır.

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.

Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində, Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Abşeron Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq aşağıda qeyd olunan sənədlərlə birlikdə həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
Tibbi arayış;
2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
Yaşayış yerindən arayış.

Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Cavab: İlk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları hansılardır?
Cavab: Uşaqların I sinfə qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər müvafiq hüquqi-normativ aktlara əsasən həyata keçirilir.

Sual: I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Cavab: Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə;  Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına. Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, eləcə də ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, eləcə də sumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, eləcə də absheron@edu.gov.az elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə - 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?

Cavab: Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir.

Sual: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?

Cavab: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?

Cavab: Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2012-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.

Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu hansı müddətlərdə həyata keçirilir?

Cavab: Ərizələrin onlayn qeydiyyatı 2017-ci il avqustun 1-dən başlayır və 2017-ci il sentyabrın 18-də başa çatır. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqust 2017-ci il tarixdən başlayır, 20 sentyabr 2017-ci ildə başa çatır.

Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Cavab: Valideyn (digər qanuni nümayəndə) uşağın məktəbəhazırlıq qrupuna qəbulu üçün aşağıdakı sənədləri təqdim etməlidir:
• Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));
• uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; • valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”si.

Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?

Cavab: Məktəbəhazırlıq qruplarına elektron ərizələrin qeydiyyatı valideyn (digər qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı şəhərinin hər inzibati rayonunda məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 50 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzləri tərəfindən aparıla bilər.

Sual: Alternativ Qeydiyyat Mərkəzləri harada təşkil olunub?

Cavab: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Nizami rayonu üzrə 129, 145, 214 və 227 nömrəli, Nəsimi rayonu üzrə 19 ,164, 240 və 247 nömrəli, Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli, Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Xətai rayonu üzrə 24, 95, 116, 165 və 191 nömrəli, Sabunçu rayonu üzrə 4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 318 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Binəqədi rayonu üzrə 3, 179, 297 və 313 nömrəli tam orta məktəblərdə ərizə qəbulu üzrə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir.

Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?

Cavab: Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər dövlət hesabına aparılacaq.

Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrini qeyd edə bilər?

Cavab: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi mobil telefon nömrəsini və ya elektron poçt ünvanını qeyd edə bilər.

Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?

Cavab: Valideyn (digər qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

Sual: Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?

Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək imkanı yaradılır.

Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?

Cavab: Bəli. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

Sual: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

Cavab: Xarici ölkə vətəndaşının məktəbəhazırlıq qrupuna elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və ya xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə əsasında aparılır. Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə ilə yalnız Alternativ Qeydiyyat Mərkəzlərində qeydiyyatdan keçmək mümkündür.

Sual: Qeydiyyatdan keçdikdən sonra məktəblərdə uşaqların müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?

Cavab: Valideyn (digər qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqi (sağlamlığı haqqında tibbi arayış (forma 26U)) təqdim etdiyinə görə, uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə və ya hər hansı müsahibəyə ehtiyac yaranmır.

Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?

Cavab: Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Cavab: Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında dərslərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. 2017-ci ildə oktyabrın 1-i bazar gününə təsadüf etdiyinə görə, valideynlər 2 oktyabr 2017-ci il tarixdən övladını məktəbə gətirməlidir.

Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?

Cavab: - I yarımil: 1 oktyabr-26 yanvar;
- II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar);
- 5 gün əlavə tətil (1-5 may).

Sual: Məktəbəhazırlıq qruplarında ümumilikdə, neçə müəllim dərs deyəcək?

Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.

Sual: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.