Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı?

Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq jurnalda qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi?

Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sual: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub?

Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Sual: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.

Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq?

Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.

Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:
- qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil məktəbləri üçün - ən azı 10 uşaq;
- şəhərlərdə yerləşən ümumi təhsil məktəbləri üçün - ən azı 15 uşaq;
-Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?

Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.

Sual: Məktəbəhazırlıq qruplarında həftədə neçə saat dərs keçiriləcək?

Cavab: Məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?

Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Sual: Məktəbəhazırlıq qrupları hansı məktəblərdə təşkil edilməyəcək?

Cavab: Məktəbin şagird tutumu imkan vermədiyi üçün Binəqədi rayonu üzrə 83 və 299 nömrəli məktəb-lisey, 179, 205, 298 və 306 nömrəli, Nərimanov rayonu üzrə 93 və 193 nömrəli, Nəsimi rayonu üzrə 14 nömrəli, Pirallahı rayonu üzrə 131 nömrəli, Qaradağ rayonu üzrə 223 nömrəli, Sabunçu rayonu üzrə 4, 22, 69, 71, 81, 192, 198 və 311 nömrəli, Xətai rayonu üzrə 221, 245, 249 və 269 nömrəli, Xəzər rayonu üzrə 92, 149, 216, 218 və 326 nömrəli və Yasamal rayonu üzrə 167 və 175 nömrəli tam orta məktəblərdə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qrupları təşkil edilməyəcək.

Sual: Apelyasiya komissiyaları harada fəaliyyət göstərəcək?

Cavab: Apelyasiya komissiyaları aşağıdakı məktəblərdə fəaliyyət göstərəcək: Binəqədi və Nəsimi rayonları üzrə: Binəqədi rayonu 276 nömrəli tam orta məktəb; (Ünvan: Naxçivani küçəsi 38) Səbail və Yasamal rayonları üzrə: Səbail rayonu 236 nömrəli tam orta məktəb; (Ünvan: Badamdar qəsəbəsi, N.Paşayev küçəsi 4-6) Nizami və Nərimanov rayonları üzrə: Nizami rayonu 129 nömrəli tam orta məktəb; (Ünvan: İ.Məmmədov küçəsi 9) Qaradağ rayonu üzrə: Qaradağ rayonu 166 nömrəli məktəb-lisey; (Ünvan: Lökbatan qəsəbəsi, Nizami küçəsi 4) Xətai və Suraxanı rayonları üzrə: Xətai rayonu 95 nömrəli tam orta məktəb; (Ünvan: Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsi 13) Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə: Sabunçu rayonu 169 nömrəli tam orta məktəb; (Ünvan: Bakıxanov qəsəbəsi, S.Hüseyn küçəsi 9)

Sual: Uşaqların məktəbəhazırlıq qrupuna cəlb olunduğu məktəbə yerləşdirilməsi tam olaraq hansı halda başa çatmış hesab olunur?

Cavab: Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.

Sual: Sual yarandıqda hara müraciət etmək olar?

Cavab: Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda: • Elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə; • Bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına; • BŞTİ-nin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124) eləcə də info@baku.edu.gov.az elektron poçtuna müraciət etmək olar.

Sual: Müəllimlərin və direktorların attestasiyadan keçirilməsi gündəmdədirmi?

      Cavab: Pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırma ilə əlaqədar müəllimlərin, o cümlədən rəhbər heyətin attestasiyası təhsilin inkişaf strategiyasında nəzərdə tutulmuşdur. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaqdır.  

Sual: Orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli keçirilməsinin təşkili üçün hansı işlər görülür?

       Cavab: Şagirdlər maraq və istəklərinə uyğun olaraq dərnəklərə cəlb edilir. Həmçinin onlar üçün   müsabiqələr təşkil olunur, kütləvi tədbirlər, idman yarışları keçirilir.

 

Sual: Orta məktəblərin mühafizə sistemi ilə bağlı suallara cavab verilməsini xahiş edirik. Nə qədər ümumi təhsil məktəbi mühafizə xidməti ilə təmin olunub? Nə qədər məktəbdə isə hazırda bu istiqamətdə iş gedir?

           Cavab: Bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar. 

 

Sual: Təhsil Nazirliyi 65 yaşlı müəllimlərin işdən azad olunması və ya işdə saxlanılması ilə bağlı hər hansı yeniliklər tətbiq etməyi planlaşdırırmı? Bununla bağlı yeni qərarın qəbul edilməsi mümkündürmü? Ümumiyyətlə, rayon və kəndlərdə müəllim baxımından əziyyət çəkən məktəblərin qarşılaşdığı problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi mövcud qərara hansı dəyişikliklərin edilməsini nəzərdə tutur?

Cavab: 65 yaşına çatmış müəllimlərin çalışma müddətinin uzadılması və ya işdən azad edilməsi ilə əlaqədar yeni qaydalar nəzərdə tutulmur. Bu məsələlər Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir. Təhsil Nazirliyi tərəfindən təhsili idarəetmə orqanlarına tövsiyə edilmişdir ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla, o cümlədən məktəbdə ixtisaslı kadr olmadıqda və ya kadrı əvəz etmək mümkün olmadığı hallarda 65 yaşına çatmış müəllimlərin müqavilə müddəti uzadılsın.  

Sual: 12 illik təhsil rejimi indiki şagirdlərə də tətbiq olunacaq, yoxsa, gələn il 1-ci sinfə gedən şagirdlərə?

Cavab: 12 illik təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapmışdır. Yaxın vaxtlarda 12 illik təhsilə keçidin mexanizmləri işlənib hazırlanacaq və bu keçidə nə vaxtdan başlanacağı barədə qərar qəbul olunacaqdır.

Sual:2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər? 

Cavab: Ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

Sual: Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydaların hazırlanmasına başlanılıb. Məktəb direktorlarının qəbulu və attestasiyası mexanizmi hansı mərhələdədir? Yeni qaydalar nə zaman tətbiq olunacaq? Əgər hazırdırsa, zəhmət olmasa, qəbul prosedurunu təqdim edin. 

Cavab: Bu istiqamətdə ilk addım məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olmuşdur. Təlimlər may ayında başa çatacaq. Təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alacaq şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq.

Ümumilikdə isə məktəb direktorlarının seçilib yerləşdirilməsi qaydaları təsdiq edildikdən sonra elan ediləcəkdir. Qaydaların əsasını müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması təşkil edəcəkdir.

Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var? 

Cavab:  12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.


Sual: Məktəblər Təhsil Nazirliyinə icbari təhsilin yerinə yetirilməsi ilə bağlı nə kimi məlumatlar verir?

 

Cavab: Dərs ilinin əvvəlinə olan hesabat formasında belə şagirdlərin sayı barədə məlumat verilir.