Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəhazırlıq təhsilinin inkişafı üzrə irəli sürülmüş strateji hədəflərin reallaşdırılması məqsədilə 2014-2015-ci dərs ilində Bakı şəhəri üzrə müəyyən edilmiş 89 pilot ümumtəhsil məktəbində valideynlərin könüllülüyü əsasında təşkil olunmuş ödənişli qruplarda 3007 uşaq məktəbəhazırlıq mərhələsini keçmişdir.

2015-2016-cı dərs ilinin əvvəlindən başlayaraq, övladlarının məktəbəhazırlıq qruplarına qəbulu barədə vətəndaşların artan müraciətləri bu tədbirin cəmiyyətdə rəğbətlə qarşılandığının sübutuna çevrilməklə ümumtəhsil məktəblərində məktəbə­hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsinə real zəmin yaratmışdır.

Göstərilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.2015-2016-cı dərs ilində Bakı şəhərinin seçilmiş pilot ümumtəhsil məktəblərində valideynlərin könüllülüyü əsasında ödənişli məktəbəhazırlıq qrupları təşkil olunsun (siyahı əlavə edilir).

2. Məktəbəhazırlıq qruplarının nümunəvi tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (əlavə olunur).

3. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) məktəbəhazırlıq qruplarında təhsilin müvafiq dövlət standartları əsasında səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli, 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)” sənədinin və burada məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş məzmunun sistemli mənimsədilməsinə yönəlmiş Təhsil Problemləri İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması” adlı metodik tövsiyənin aidiyyəti məktəblərə çatdırılmasını təmin etsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti ilə bağlı məsələlərin həllini, qruplarda tədrisin gedişi vəziyyəti barədə hesabatların hazırlanıb Nazirliyə təqdim olunmasını təmin etsin.

5. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) tədrisin sonunda məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsini həyata keçirib müvafiq təkliflər hazırlasın.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının

təhsil naziri

26.10.2015-ci il

№1020

 


 

Ümumtəhsil məktəblərinin pilot məktəbəhazırlıq qrupları üçün nümunəvi tədris planı