Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəhazırlıq təhsilinin inkişafı üzrə irəli sürülmüş strateji hədəflərin reallaşdırılmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2014-2015-ci dərs ilində Bakı şəhərinin seçilmiş ümumtəhsil məktəblərində valideynlərin könüllülüyü əsasında ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunsun (məktəblərin siyahısı əlavə edilir).

2. Məktəbəhazırlıq qruplarının nümunəvi tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (əlavə olunur).

3. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) məktəbəhazırlıq qruplarında təhsilin müvafiq dövlət standartları əsasında səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli, 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)” sənədinin və burada məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş məzmunun sistemli mənimsədilməsinə yönəlmiş Təhsil Problemləri İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması” adlı metodik tövsiyənin aidiyyəti məktəblərə çatdırılmasını təmin etsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (E.Əliyev) məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti ilə bağlı məsələləri həll etsin, qruplarda tədrisin gedişi vəziyyəti barədə hesabatlar hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin.

5. Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov, E.Əmrullayev) müəyyən edilmiş vaxtlarda məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsini keçirib müvafiq təkliflər hazırlasın.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

 

                                                                                                                      Mikayıl Cabbarov

Azərbaycan Respublikasının

təhsil naziri

03.10.2014-cü il

№ 1050