Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

 Azərbaycan Respublikası Təhsil nazirinin “ Ümumtəhsil məktəblərində təşkil olunmuş pilot məktəbəhazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi barədə26.10.2015-ci il tarixli 1020 və “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” 16.10.2015-ci il tarixli 1006 nömrəli əmrlərinin 4-cü bəndlərinin icrası məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil nazirinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi barədə” 26.10.2015-ci il tarixli 1020 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Əmrə əlavə olunmuş siyahıda göstərilən məktəblərin direktorlarına tapşırılsın (1 nömrəli əlavə):

2.1. məktəbəhazırlıq qruplarının ən azı 5 (beş) ən çoxu 15 (on beş) şagirddən ibarət təşkil etsinlər;

2.2. eyni bir qrupda uşaqların sayı 15-dən çox olduqda paralel qrupun açılmasına icazə verildiyi nəzərə alınsın;

2.3. məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların mektebeqebul.edu.az. saytında elektron qeydiyyatının aparılmasını təmin etsinlər;

2.4. qruplarda dərs deyəcək ixtisaslı müəllimlərin siyahısını Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər;

2.5. övladlarının ödənişli məktəbəhazırlıq qruplarında təhsil alması üçün müraciət edən valideynlərlə məktəb arasında müqavilələrin bağlanmasını təmin etsinlər (müqavilə forması əlavə edilir).

3. Ümumi təhsil sektoru (A.Yusifov) məktəbəhazırlıq qruplarında təhsilin müvafiq dövlət standartları əsasında təşkil olunmasına nəzarət olunmasını və Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrində göstərilmiş metodik tövsiyələrin məktəblərə çatdırılmasını təmin etsin.

4. Müdir müavini (N.Səfərova) məktəbəhazırlıq qruplarının təşkil olunması üçün müvafiq maliyyə və təchizat məsələlərini həll etsin.

5. Məktəbəhazırlıq qruplarında aylıq xidmət haqqı 40 (qırx) manat məbləğində müəyyən edildiyi nəzərə alınsın.

6. Məktəbəhazırlıq qruplarının fəaliyyətindən əldə olunan maliyyə vəsaitinin xərclər smetası aşağıdakı qaydada müəyyən edilsin:

6.1. 5 (beş) nəfərdən ibarət olan qruplarda valideynlər tərəfindən ödənilən xidməthaqqı bütövlükdə orada hazırlıq kursu aparan müəllimin əməkhaqqına və Dövlət Sosial Müdafiə Fonduna ayırmalara təyin edilsin (5x40 manat=200 manat);

6.2. şagirdlərinin sayı 5 (beş) nəfərdən yuxarı olan qruplarda hər əlavə şagirdə görə ödənilən məbləğin 50 (əlli) faizi müəllimin təyin edilmiş əməkhaqqına və Dövlət Sosial Müdafiə Fonduna ayırmalara əlavə olunsun, qalan 50 (əlli) faizi isə digər zəruri xərclərə sərf edilsin;

7. Bu sahədə olan təcrübəsini nəzərə alaraq əmrə 2 nömrəli əlavədə göstərilmiş məktəblərdə məktəbəhazırlıq kurslarının təşkilinin “Kaspi Kids” MMC tərəfindən həyata keçiriləcəyi nəzərə alınsın. Bu məktəblərdə məktəbəhazırlıq qruplarının fəaliyyətindən əldə edilən vəsaitin məktəbin hesabına keçiriləcək hissəsi ümumi məbləğin 10 (on) faizi həcmində müəyyən edilsin və bununla bağlı həmin məktəblərin direktorları “Kaspi Kids” MMC ilə müvafiq müqavilələrin imzalanmasını təmin etsinlər (müqavilə forması əlavə olunur).

8. Ümumi təhsil sektoru (A.Yusifov) məktəbəhazırlıq qruplarında tədrisin gedişi barədə mütəmadi olaraq hesabatlar hazırlayıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təqdim etsinlər.

9. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinə və siyahı üzrə məktəblərə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” 26.10.2015-ci il tarixli 1020 və “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” 16.10.2015-ci il tarixli 1006 nömrəli əmrləri, BŞTİ-nin müdir müavinləri M.Kəsəmənli və N.Səfərovanm 27.10.2015-ci il tarixli təqdimatı.

 

Ceyhun Bayramov

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

müdir səlahiyyətlərini müvəqqəti icra edən

28.10.2015

№ 261       

 


 

 

2015-2016-cı dərs ilində Bakı şəhərində ödənişli pilot məktəhazırlıq qruplarının təşkil olunacağı ümumtəhsil məktəblərinin siyahısı