2018-2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.

2. I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə aşağıdakı heyətdə İşçi Qrup yaradılsın:

İlqar Mahmudov – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini,  Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri, sədr;

Cəsarət Valehov – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;

Orxan Abasov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini, üzv;

Yaşar Zeynalov – İnformasiya şöbəsinin Dəftərxana sektorunun böyük məsləhətçisi, üzv

Məhəbbət Vəliyeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, üzv;

Zakir Hüseynov – Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, üzv;

Nizami Namazov – Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, üzv;

Nazilə Məmmədova – Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, üzv.

3. İnformasiya şöbəsi (E.Məmmədov), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (Z.Hüseynov), Sumqayıt Şəhər Təhsil Şöbəsi (N.Namazov), Abşeron Rayon Təhsil Şöbəsi (N.Məmmədova) I sinfə elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsinlər.

4. I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlansın.

5.  İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6.  Maliyyə şöbəsi (R.Orucov) şagirdlərin I sinfə elektron sistem vasitəsilə qəbulunun həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərinin həllini təmin etsin.

7.  I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupu bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas:  Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Abşeron Rayon Təhsil Şöbəsinin xidməti məlumatları.

 

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

5 fevral 2018-ci il

№F-103