2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil sahəsində müasir dövrün tələblərinə uyğun olaraq inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə ümumtəhsil müəssisələrinin, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək və təhsildə keyfiyyəti təmin etmək barəsində Azərbaycan Respublikasının təhsil nazirinin 28 avqust 2017-ci il 261 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “2017-2018-ci dərs ili ölkənin ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri  icra və rəhbərlik üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən Fəaliyyət planı təsdiq edilsin (Əlavə 1).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumtəhsil müəssisələrinə tapşırılsın:

3.1. Pedaqoji Şura iclaslarında 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb pedaqoji kollektivlərinə ətraflı məlumat versinlər;

3.2. “Təhsildə keyfiyyət ili” ilə bağlı fəaliyyətlərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər;

3.3. Pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri tədbirlər görsünlər.  

4. Ümumi təhsil sektoru (L.Şərəfxanova), İnkişaf layihələri sektoru (A.Qədiməliyev), İnformasiya təminatı sektoru (İ. Abdullayeva) və Təlimə Dəstək Mərkəzinə (S. Bektaşi) tapşırılsın:

4.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət  planının yerlərdə yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlasın və nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ümumtəhsil müəssisələrinə təşkilati-metodiki köməklik göstərsinlər;

4.2. Fəaliyyət planının yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə ümumtəhsil müəssisələrində monitorinqlər təşkil etsinlər, dərs ili ərzində seçmə yolla ümumtəhsil müəssisələrinin rəhbərlərinin hesabatlarını dinləyib müvafiq təkliflər hazırlasınlar.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin. 

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin saytda yerləşdirilməsini, Fəaliyyət Planından irəli gələn bütün tədbirlərin İdarənin internet saytında işıqlandırılmasını və “Ümumi təhsildə keyfiyyət ili”lə bağlı “Azərbaycan müəllimi” qəzetində nəzərdə tutulan xüsusi rubrikada qabaqcıl təcrübələri əks etdirən materialların dərc edilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli  əmri.

 

           

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30  oktyabr  2017-ci il

                                                                                        №199

 


 

“Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı