Tam orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanların təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümumi təhsil sektoru (L.Şərəfxanova) tam orta təhsil proqramı üzrə 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş eksternat qaydasında imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsini təmin etsin.

2. Eksternlərin ərizələrinin 05 aprel 2018-ci tarixdən 30 aprel 2018-ci il tarixə kimi qəbulu təmin edilsin.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın ki, rəhbərlik etdikləri məktəblərdə tam orta təhsil səviyyəsi üzrə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və onlara müvafiq sinfi bitirmələrinə dair arayış təqdim edilməsini təmin etsinlər.

4. Tam orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 258 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin və məktəbin direktoru Sədaqət Hüseynova imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin yerinə yetirilməsini təmin etsin.

5. Eksternat qaydasında imtahanlar 15-16 may 2018-ci il tarixlərində keçirilsin.

6. Eksternat qaydasında imtahanların keçirilməsi məqsədilə müvafiq komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

7. Təlimə Dəstək Mərkəzi (S. Bəktaşi) imtahan suallarının hazırlanması məqsədilə fənn komissiyalarının yaradılması və sualların hazırlanmasını təmin etsin.

8. İmtahanların qiymətləndirmə meyarları təsdiq edilsin (əlavə 2).

9. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

10. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) bu əmrdən irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.

11. İnformasiya təminatı sektoru (İ. Abdullayeva) ərizələri qeydiyyata alınmış eksternlərin adlarının və imtahan nəticələrinin “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

12. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) eksternat imtahanları haqqında (sənədlərin qəbulu, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, imtahanların keçirilmə tarixi və yeri barədə) məlumatların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

13. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.

14. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”.

 

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (atesstasiyasının) aparılması Qaydalar”ı.

  

Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

4 aprel  2018-ci il

 F-151