Apelyasiya komissiyalarının təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2015-ci il tarixli 242 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 2 mart 2015-ci il tarixli 109 nömrəli əmrlərin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 7 təhsil müəssisəsində təşkil olunacaq apelyasiya komissiyalarının dislokasiyası və tərkibi təsdiq edilsin (əlavə olunur).

2.Qeyd olunan müəssisə rəhbərləri:

2.1.apelyasiya komissiyasının işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılmasını;

2.2.apelyasiya komissiyası və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərəçarpan yerdə (qəbul günləri və saatları, məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsini təmin etsinlər.

3.Komissiyalar 2015-ci il mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərir. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 1000-dan 1600-dək həyata keçirilir. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil edilir.

4.Komissiya rəhbərlərinə tapşırılsın:

4.1.vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılmasını;

4.2.işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini;

4.3.müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini;

4.4.təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etsinlər.

5.Müdir müavini N.Səfərova apelyasiya komissiyalarının iş otaqlarının zəruri avadanlıqlarla təchizatı, komissiya üzvlərinin əməyinin ödənilməsi və bu əmrdən irəli gələn digər maliyyə məsələlərini həll etsin.

6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) apelyasiya komissiyalarının ünvanları və iş rejimi barədə məlumatların təhsil idarəsinin rəsmi saytında yerləşdirilməsini təmin etsin.

7.Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılaraq bütün təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8.Əmrin icrasına nəzarət müdir müavini M.Vəliyevaya həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2015-ci il tarixli 242 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 2 mart 2015-ci il tarixli 109 nömrəli əmrləri.

 

Nazir müavini, Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdir səlahiyyətlərini

müvəqqəti icra edən Ceyhun Bayramov