06.03.2017

Bakı şəhəri üzrə fənn müsabiqələri keçirilib

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 3000 nəfərə yaxın şagird iştirak edib. Fənn müsabiqələrinin ilk mərhələsi paytaxt üzrə 4 mərkəzdə (18, 70, 211, 271 nömrəli məktəblər) təşkil edilib.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin  reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.

 Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagird iştirak edib. 


Açar sözlər: ,  ,