02.02.2018

Olimpiada həyəcanı başlayır

Rəqabət bu il də yüksək olacaq.

 

Məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinə start verilir. Fevralın 4-dən başlayacaq ölkə səviyyəli bilik yarışına 8 fənn üzrə 33 min şagird qatılacaq.

Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevin sözlərinə görə, şagirdlərin fənlərə olan marağını artırmaq, istedadlı uşaqları aşkar etmək, bilik və bacarığı ilə fərqlənən uşaqların öz imkanlarını nümayiş etdirmək üçün onlara şərait yaratmaq əsas hədəflərdəndir. Buna nail olmaq üçün son 4 ildə xeyli iş görülüb. Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları köklü şəkildə dəyişdirilib: “3 mərhələdən ibarət olimpiadalar əvvəlcə rayon və şəhərlər üzrə keçirilir. Bu il olimpiadanın birinci - rayon (şəhər) mərhələsi fevralın 4-də baş tutacaq. Ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat, 7311 nəfər riyaziyyat, ən az şagird isə 721 şagird olmaqla informatika fənlərindən olimpiadaya qatılacaq. Olimpiadada 12022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək ki, onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. 

Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır”. 

Bu mərhələnin nəticəsinə əsasən, şagirdlər respublika mərhələsinin yarımfinalına çıxır. Burada da uğurlu nəticələri ilə seçilənlər, yəni verilən tapşırıqların 60 faizindən çoxuna cavab yazanlar son mərhələdə iştirak hüququ qazanırlar: “Üç mərhələdən ibarət olacaq olimpiadanın final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird qatılacaq. Onların hər birinə Təhsil Nazirliyinin möhürü ilə “İştirakçı” sertifikatı təqdim ediləcək. 

Qaliblər I, II və III dərəcəli diplomlar, müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar. Hər fənn üzrə qaliblər arasından seçilən “Birincilərin birincisi” nominasiyasına görə də şagirdlər mükafatlandırılacaq. Finalda iştirak edən şagirdlərin 50 faizi qaliblər nominasiyasında mükafatlandırılacaq”. 

F.Qarayev onu da qeyd edib ki, hər il finala 500 nəfərə yaxın şagird çıxır. Qaliblər may ayında mükafatlandırılır və beynəlxalq yarışların seçmə mərhələsinə dəvət olunurlar.

 

Rəqabət daha böyük olacaq

 

Təhsil İnstitutunun direktor əvəzi, nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev artıq 4 ildir keçirilən olimpiadaların artan dinamika ilə inkişafını xüsusi qeyd edib. Onun fikrincə, olimpiada ilk dəfə keçiriləndə 22 min şagird qatılmışdısa, ötən il respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın şagird iştirak edib. Olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb: “Olimpiada 3 ildir fərqli qaydalarla müxtəlif formatda keçirilir. Hər il iştirakçıların sayının artması gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Nəticədə müxtəlif yaş qruplarında olan məktəblilər hər növbəti mərhələyə daha çox hazırlaşır və olimpiadada iştiraka kifayət qədər məsuliyyətlə yanaşır”.

E.Əmrullayevin sözlərinə görə, artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığının göstəricisidir. Demək, şagirdlər arasında ayrı-ayrı fənlərə olan sevgi artmaqdadır.

 

Beynəlxalq fənn olimpiadalarındakı nəticələrimiz yaxşılaşır

 

Son illərdə ölkəmizin beynəlxalq bilik yarışlarındakı nəticələri də ürəkaçandır. E.Əmrullayevin fikrincə, bunda respublikada keçirilən fənn olimpiadalarının rolu danılmazdır: “Şagirdlərimizin qazandığı medallar istər sayı, istərsə də əyarı baxımından yaxşılaşır. 2017-ci ildə 12 illik fasilədən sonra “Kimya” fənni üzrə Azərbaycan məktəblisi qızıl medal qazandı. Beynəlxalq olimpiadanın istənilən medalı böyük nəticədir. Rəqəmlərlə baxsaq, beynəlxalq riyaziyyat olimpiadasında cəmi 103-104 ölkə iştirak edə bilir. Ötən il həmin ölkələrin arasında şagirdlərimiz 4 bürünc medal qazandı. Fizikadan bir, kimyadan qızıldan başqa, gümüş və bürünc medallar qazanaraq şagirdlərimiz ölkəmizin adının ilk 20 ölkə arasında yer almasına nail oldu. Bu nəticə ilə keçmiş sovet ölkələri arasında yalnız Rusiyadan geri qalırdıq. Təbii ki, əldə etdiyimiz nəticələrin ildən -ilə yaxşılaşmasında respublika fənn olimpiadası müstəsna rol oynayıb”.

Aşağı yaş qruplarını əhatə edən fənn olimpiadalarından da danışan E.Əmrullayev bildirib ki, ötən il riyaziyyat üzrə beynəlxalq olimpiadada iştirak edən Azərbaycan komandası ən gənc komandalardan olub: “Dünya olimpiadasına qatılan komandamızda hətta 8-ci sinif şagirdi də vardı və həmin şagirdimiz fərqlənmə diplomu ilə təltif olundu. Bu bizim özümüz üçün də bir ilk idi. Digər fənlərdə də bizi əsasən 8-9-cu sinifdə oxuyan şagirdlərimiz təmsil edir. Bu da onların 10 və 11-ci siniflərdə oxuyan şagirdlərimizdən daha hazırlıqlı olduqlarının bir göstəricisidir”. 

 

Ədalətlilik əsas prioritetdir

 

F.Qarayev ildən-ilə artan marağı olimpiadaların keçirilməsində yaxşı hal kimi dəyərləndirib. Bu marağı saxlamaq, etimadı artırmaq üçün isə olimpiadaların təşkilində şəffaflığın təmin olunması şərtdir: “Bu məqsədlə hər il təkmilləşmə aparılır, qaydalarda dəyişiklik edilir ki, olimpiadanı daha şagirdyönümlü keçirə bilək”.

Şagirdlər imtahandan çıxan kimi onlara sualların düzgün cavabları, izahlı həlləri və qiymətləndirmə meyarları təqdim edilir. Öz nəticəsindən narazı qalan şagird imtahandan sonrakı gün münsiflər heyəti ilə görüşüb öz nəticələrini müzakirə edə bilir: “Olimpiadada 33 min şagird iştirak edəcək. Onların hər birinin yazı işini ayrı-ayrı şəxslərin əllə yoxlamasında qeyri-obyektivlik ola bilər. Odur ki, ilk mərhələ qapalı test formatında keçirilir. Beynəlxalq təcrübədə - Amerikada, Kanadada, İngiltərədə də qaydalar belədir. Bu qayda iştirakçıların sayının çoxluq təşkil etdiyi ilk mərhələlərdə tətbiq edilir. Respublika fənn olimpiadasının rayon və şəhər mərhələsi, o cümlədən respublika mərhələsinin yarımfinalı qapalı test formatında keçirilir. Şagirdlərin yazısı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində olan qiymətləndirmə şöbəsində xüsusi nəzarət altında yoxlanılır. O ki qaldı final mərhələsinə, burada da hər fənn üzrə 5 nəfər olmaqla 40 nəfərdən ibarət münsiflər heyəti təşkil olunur. Məxfiliyi qorumaq və sualların yayılmasının qarşısını almaq üçün mütəxəssislərin sayının az olmasına çalışırıq”. 

Təhsil İnstitutunun direktor əvəzi E.Əmrullayevin fikrincə, qaliblərin sonrakı nailiyyətləri də təsdiq edir ki, ölkədə keçirilən olimpiadaların təşkilində ədalət təmin olunur. Belə ki, qalib şagirdlər qatıldıqları beynəlxalq yarışlarda, o cümlədən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər: “İndiyədək onların qəbul imtahanlarında müşahidə edilən orta balı 642 olub. Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında olimpiada qalibi olan bütün şagirdlər 500-dən yuxarı, onların 90 faizi isə hətta 600-dən yuxarı bal toplayıb. Aralarında xarici ölkələrin ali təhsil müəssisələrində oxuyanlar da var”. 

Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbul olunması ilə bağlı məsələ isə hələlik müzakirə mövzusu deyil. E.Əmrullayevin fikrincə, bu, qanunla tənzimlənməlidir: “Belə bir imkan yalnız qanunun müvafiq bəndində edilən dəyişikliklə mümkün ola bilər. Dəyişiklik edilərsə, sevinərik. Hələliksə yalnız beynəlxalq olimpiada qalibləri Azərbaycan ali təhsil müəssisələrinə imtahansız qəbul olunur, öz ixtisasları üzrə təhsilini davam etdirə bilirlər”.

Artıq bu təcrübənin olduğunu vurğulayan Emrullayev 4 nəfər beynəlxalq olimpiada qalibinin təhsilini Azərbaycanda davam etdirdiyini deyib. 

 

Qaliblər təhsilimizə hələ tələbəlikdən öz töhfəsini verməyə başlayıb

 

F.Qarayev isə qeyd edib ki, ümumiyyətlə, beynəlxalq və ölkədə keçirilən olimpiadaların qalibləri arasında nəinki yüksək səviyyəli ali təhsil müəssisələrinin tələbəsi və ya məzunu, “Google”, “Twitter” şirkətlərində, Silikon vadisində çalışanlar, dünyaca məşhur banklarda işləyən maliyyəçilər var. Üstəlik, onlar sadəcə yaxşı işçi olduqdan sonra deyil, elə tələbəykən ölkə təhsilinə öz töhfələrini verməyə başlayırlar: “Beynəlxalq olimpiadalara Bakı və Sumqayıt üzrə hazırlıq mərkəzlərində 300-ə yaxın şagird dərsdənkənar fəaliyyət olaraq hazırlaşır. Onlara ali və orta təhsil müəssisələrində çalışan mütəxəssislər dərs keçirlər. Ancaq qış tətilində ölkəmizə gələn keçmiş olimpiada qalibləri də onlarla həvəslə məşğul olur, hazırlıq keçirlər. Birdəfəlik getmir, hətta tələbə olanda da təhsilimizə töhfə verirlər”.

 

Olimpiada onlara nə öyrətdi?

 

Bəs olimpiada qaliblərin həyatında nəyi dəyişib? Bu sualı olimpiada qalibi olan və artıq xarici ölkələrin ali təhsil müəssisələrinin tələbəsi adını qazanan 4 gəncə ünvanladıq. Hər birinin öz uğur hekayəsi, hər hekayənin içində isə olimpiadaların xüsusi yeri var.

 

Olimpiadalarda iştirakı tələbəliyə gedən yolunu açdı 

 

Məsələn, Mirəli Əhmədli həm beynəlxalq, həm də Azərbaycanda keçirilən fənn olimpiadasının qalibidir. Hazırda Koreyada təhsil alır. Cənubi Koreyanın Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun birinci kurs tələbəsidir: “Birinci ilin sonunda ixtisas seçəcəyik və böyük ehtimalla riyaziyyat və kompüter mühəndisliyinə üstünlük verəcəyəm. Universiteti bitirdikdən sonra isə magistratura və doktorantura üçün Avropa və Amerikada təhsil almağı fikirləşirəm”.

M.Əhmədlinin sözlərinə görə, olimpiada onun həyatında çox böyük rol oynayıb: “Olimpiadaya hazırlıqlara hələ 7-ci sinifdən başlamışam. Gəncədə “İstək” liseyində start verdiyim hazırlıqları Bakıda daha peşəkar şəkildə davam etdirdim və 8-ci sinifdə iştirak etdiyim Gənclərin Balkan olimpiadasında bürünc medal qazandım. 9-cu sinifdən daha böyük olimpiadalara qatılırdım. Mümkün olan bütün olimpiadalarda iştirak edirdim. Respublika olimpiadalarında iki qızıl, bir gümüş medalın, beynəlxalq riyaziyyat olimpiadasından isə bir bürünc və iki həvəsləndirici mükafatın sahibiyəm. Təhsilimi Koreyada davam etdirməyimdə olimpiada amili çox böyük rol oynadı. Belə ki, təhsil aldığım instituta qəbul olunmaq üçün bəzi şərtləri ödəmirdim. Ancaq olimpiadalardakı göstəricilərim mənə kömək etdi. Olimpiada nəticələri bir yana, hazırlıq mərhələsi də öz növbəsində mənə bir çox şey öyrətdi. Məndə plan qurmaq və onu həyata keçirmək vərdişi formalaşdı. Belə ki, məktəbdə oxuyanda həm dostlarımla birgə vaxt keçirməyi, həm dərslərimi oxuyub çatdırmağı, həm də olimpiadaya hazırlaşmaq üçün əlavə vaxt ayırmağı öyrəndim. Olimpiadanın mənə öyrətdiyi ən yaxşı, həyatım boyu lazım olacaq vərdiş planlı hərəkət etməkdir. Universitetdə təhsildə bu vərdişim çox karıma gəlir”.

 

Olimpiada xoş xatirələrlə anacağı bir uğurudur 

 

Humay Kərimova ötən il Respublika fənn olimpiadasının qalibi olub. Coğrafiya üzrə “Birincilərin birincisi” nominasiyasında mükafatlandırılıb. İstanbul Universitetində “Maliyyə və bank işi” ixtisası üzrə təhsil alır: “Respublika fənn olimpiadasına hazırlaşmaq mənim üçün çox çətin oldu. İmtahanların üst-üstə düşməsi məni xeyli əziyyət çəkməyə məcbur etdi. Olimpiada ilə yanaşı, ali məktəbə qəbul imtahanlarına hazırlaşmalıydım. Sevinirəm ki, nə yaxşı bu çətinliklərdən qorxub geri çəkilməmişəm. Həyatımın hansı mərhələsində olsa, xoş xatirələrlə anacağım bir uğur yaşadım”.

 

Olimpiadada qalib olmağı özünə inamını artırıb

 

Lalə Mədətova da olimpiadada iştirakını xoş xatirə kimi qiymətləndirir. 696 balla Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıb. “Müalicə işi” ixtisası üzrə təhsil alır: “7-ci sinifdə oxuyanda olimpiadada iştirak etmişdim və nəticəsindən razı qalmamışdım. Həmin il təşkil olunan olimpiadanın obyektivliyinə şübhəm yaranmışdı və ondan sonra olimpiadalarda iştirak etmirdim. Ancaq ötən il qatıldım. Bunu ailəmin və məktəbimin təkidi ilə etsəm də, peşman olmadım. Yaxşı ki, iştirak etdim. Özümə olan inamım artdı. Bu inam qəbul imtahanında da özümü güclü hiss etməyimə səbəb oldu”. 

 

Olimpiada sayəsində asan öyrənməyin yolunu kəşf etdi

 

Quba “İstək” liseyini bitirən Səbuhi Mikayılov artıq Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsidir. Tələbə olana qədər isə fizika üzrə beynəlxalq olimpiadaların iştirakçısı kimi tanınırdı: “Beynəlxalq olimpiadalarda iştirak etmişəm. Ötən il Respublika fənn olimpiadasının qaliblərindən oldum. Deməliyəm ki, çox çətin oldu. Rəqiblərim çox güclü idi. Beynəlxalq fənn olimpidalarının iştirakçısı olan rəqiblərim vardı. Bu ağır rəqabət mühiti daha çox çalışmağıma səbəb oldu. Vaxtımın çox hissəsini hazırlıqlara sərf etməli oldum. Güclü rəqiblərim arasında seçilmək üçün daha çox çalışmalı oldum. Hazırlıq mərhələsində vaxtımı düzgün bölməyi öyrəndim. Bundan əlavə, hər hansı fənni asan öyrənməyin yolunu kəşf etdim”.

 

Ruhiyyə DAŞSALAHLI

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,