31.10.2018

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.

Müsabiqə 12-14 fevral 2019-cu il tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 1-dək sabahinalimleri.edu.az internet səhifəsində onlayn qeydiyyatdan keçməli və apardıqları tədqiqatları başa çatdırmalıdırlar.

Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etməkdir.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.


 

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri