28.03.2019

Ən yaxşı təqdimat müəllifləri bəlli olub

Paytaxt məktəbliləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Müsabiqənin şəhər mərhələsində 40 məktəblinin təqdimatı dinlənilib.

Münsiflər heyətinin rəyinə əsasən, 60 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayan Şükürova, 67 nömrəli tam orta məktəbin X sinif şagirdi Lalə Talışlı, 78  nömrəli tam orta məktəbin IX sinif şagirdi Mövlanə Nuruzadə, 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Dadaşzadə, 149 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəşad Əliyev, 151 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Allahverdiyeva,  215 nömrəli tam orta məktəbin X sinif şagirdi Səyyad Mustafayev, 220 nömrəli məktəb-liseyin X sinif şagirdi Leyla Şəfaqətova, 234 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan Ağayeva, 276 nömrəli tam orta məktəbin X sinif şagirdi Süleyman Kazımlı, 278 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin Əhmədova və Məktəb Lisey Kompleksinin IX sinif şagirdi Rəna Şabanzadə uğur qazanaraq apreldə keçiriləcək ölkə turunda iştirak etmək hüququ əldə ediblər.

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, ulu öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılıb.

Qeyd edək ki, müsabiqə Təhsil nazirinin əmrinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.


Açar sözlər: ,