Bakı Şəhəri üzrə Təhsil İdarəsində sənədlərin  vahid qaydada (kompyuter üsulu ilə hazırlanan sənədlərə olan tələblərə uyğun) hazırlanması barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsində kargüzarlığın vahid qaydada aparılmasının təmin edilməsi məqsədilə

 

ƏMR EDİRƏM :

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Bakı Şəhəri üzrə Təhsil İdarəsində sənədlərin vahid qaydada (kompyuter üsulu ilə hazırlanan sənədlərə olan tələblərə uyğun)  hazırlanması barədə” 24  sentyabr  2014-cü il tarixli 237 nömrəli  əmri qüvvədən düşmüş hesab edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsində, həmçinin Təhsil İdarəsinin tabeliyində olan bütün müəssisələrdə kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun şəkildə aparılması təmin edilsin.

3. Sənədlər kompüter üsulu ilə hazırlanan sənədlərə olan tələblərə uyğun olaraq vahid qaydada hazırlansın.

4. Sənədlərin kompyuter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilsin.

5. Kompüter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial”  12  şrifti  ilə  A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılsın.

6. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən qədər sahələr saxlanılsın:

6.1. soldan – 25 mm ;

6.2. sağdan – ən azı 8 mm ;

6.3. yuxarıdan – 20 mm ;

6.4. aşağıdan :

            6.4.1. A4 formatlı kağızlar üçün – azı 19 mm ;

            6.4.2. A5 formatlı kağızlar üçün – azı 16 mm.

 

7. 79327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası intervalla, qalan sənədlərin mətni isə bir yarım sətirarası intervalla çap edilsin.

8. Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilsin.

9. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bütün struktur bölmələrinə və tabeliyində olan təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

 

Əsas : “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanı.

 

Ceyhun Bayramov

Nazir müavini,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir

         səlahiyyətlərini müvəqqəti icra edən       

                                                                                                                   07.09.2015-ci il

№ 220