Tədbirlər

 

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarını, intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini  inkişaf etdirir, onların fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, istirahətlərinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Məktəbdənkənar təhsilin əsas fəaliyyət istiqamətlərindən biri mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsidir.

Bu missiyanın əsas daşıyıcısı isə uşaq-gənclər inkişaf mərkəzləridir. Uşaq-gənclər inkişaf mərkəzləri istiqamətindən asılı olaraq yaradıcılıq, yaxud idman sahəsində fəaliyyət göstərən dərnəklər, qruplar, klublar, studiyalar və s. şəklində hər bir uşağın yaradıcı qabiliyyətinin inkişafı üçün şərait yaradır, onların asudə vaxtının təşkilini, fiziki inkişafının təmin edilməsi istiqamətində müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, festivallar, bayram şənlikləri, ekskursiyalar, spartakiada kimi zəruri tədbirləri həyata keçirir. Həmçinin mərkəzlərin fəaliyyəti çərçivəsində uşaq və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirləri təşkil edilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin edilir.

Burada əsas məqsəd uşaq və gənclərdə ilkin özünütəsdiq və özünəinam formalaşdırmaq, onların sağlam insan və layiqli vətəndaş kimi yetişməsinə şərait yaratmaq, maraq və meyillərini üzə çıxartmaq, istedadlarını erkən yaşlardan aşkar etmək, intellektual səviyyələrini inkişaf etdirmək və cəmiyyətə inteqrasiyasına nail olmaqdan ibarətdir.