29.09.2016

“Yollarda ölümsüz bir gün!” mövzusunda maarifləndirici aksiya keçirilib

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici seminar keçirilib.

Seminarda DİN Baş DYP İdarəsinin əməkdaşı AMAK-ın nümayəndəsi Vəfa Hüseynli, KİV nümayəndələri, 500-ə yaxın məktəbli iştirak edib.

Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

Aksiyada polis forması geyinən uşaqlar "Təhlükəsizilik kəmərindən istifadə et!", "Dayanma-durma qaydalarına əməl et!", "Piyada, keçiddən istifadə et!" çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər.