06.10.2016

“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinə start verilir

İstedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinə start verilir.

Müsabiqə 2 mərhələdə təşkil olunacaq.  I mərhələ - rayon (şəhər) mərhələsi 2016-cı ilin oktyabrın 17-də keçiriləcək.

Müsabiqədə ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.

Müsabiqə aşağıdakı incəsənət növləri üzrə təşkil olunur:

I. Dekorativ tətbiqi sənət – bədii tikmə, makrame, toxuma, xalçaçılıq, yumşaq oyuncaq, ağac üzərində oyma, keramika, şəbəkə, vitraj (şüşə üzərində təsvir), kəlağayı, aplikasiya, oriqami, misgərlik (metal üzərində cızma və döymə), muncuqlardan, müxtəlif təbiət nümunələrindən (bitki, tum, balıqqulağı) kompozisiya və ikebanaların hazırlanması.

II. Dizayn – geyim, nəqliyyat vasitələri, interyer və eksteryer dizaynı nümunələrinin, hər hansı bir məhsulun əmtəə nişanının hazırlanması.

Qeyd edək ki, iştirakçılar yuxarıda göstərilən növlərdən yalnız biri üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin I mərhələsində müvafiq incəsənət növləri üzrə I və II yerə layiq görülən işlər respublika mərhələsində iştirak etmək hüququ qazanacaq. Qalib işlər 19-21 oktyabr 2016-cı il tarixlərinədək Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına təqdim edilməlidir.

Respublika mərhələsində hər növ üzrə müvafiq olaraq I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.