10.11.2016

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar ümumi təhsil müəssisələrində tədbirlər keçirilib.

Məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunan tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri və valideyn icmalarının  nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji və şagird  kollektivləri  iştirak ediblər.

“Bayrağımız  qürur  mənbəyimizdir”, “Mənim bayrağım ən gözəl bayraqdır”, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Dövlət bayrağının tarixi” və digər mövzularda təşkil olunmuş tədbirlərdə Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb, bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Eləcə də təhsil müəssisələrində bayram münasibətilə fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, kinofilmlərə baxış keçirilib.