11.11.2016

Nardaranda məktəblilərlə görüş 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi,  Sabunçu Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.

Uşaqların cəmiyyətə daha fəal inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili, bədii qiraətə maraqlarının, dünyagörüşlərinin  artırılması, sağlam həyat tərzinin formalaşması məqsədilə keçirilən görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan görüşdə çıxış edənlər tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ edən görkəmli sənətkarımız, xalq şairi Nəriman Həsənzadə ilə görüşün şagirdlərin vətənpərvərlik hisslərinin möhkəmləndirilməsində xüsusi rol oynayacağını qeyd ediblər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından uşaq hüquqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyətlərinə görə 295 və 130 nömrəli tam orta məktəblərin kollektivlərinə diplom təqdim edilib.

Şagirdlər Nəriman Həsənzadənin müəllifi olduğu vətənpərvərlik şeirlərindən ibarət  kompozisiya ilə çıxış edib və  özlərinin qələmə aldığı şeirləri səsləndiriblər.

Sonda şagirdləri maraqlandıran sualları cavablandıran xalq şairi uşaqlara imzalı kitablarını hədiyyə edib.


Açar sözlər: ,  ,