22.11.2016

Spartakiadanın bağlanış mərasimi keçirilib

Noyabrın 22-də Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXVIII spartakiadanın bağlanış mərasimi olub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,  məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışıb, sağlam nəslin yetişməsi baxımından belə yarışların əhəmiyyətini nəzərə çatdırıblar.

Qeyd edək ki, Bakı şəhər məktəbliləri arasında keçirilən XXVIII spartakiadada 747 nəfər idmançı (511 nəfər oğlan, 236 nəfər qız) iştirak edib. Spartakiadanın yekun nəticələrinə görə,  Xətai rayonu 21 xalla I, Sabunçu rayonu 34 xalla II, Suraxanı rayonu 41 xalla III, Qaradağ rayonu 41 xalla IV, Yasamal rayonu 44 xalla V, Nəsimi rayonu 51 xalla VI, Nərimanov rayonu 55 xalla VII, Səbail rayonu 56 xalla VIII, Binəqədi rayonu 61 xalla IX, Nizami rayonu 63 xalla X, Xəzər rayonu 93 xalla XI yeri tutub.

Sonda spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlarda I, II və III yerləri tutan rayon komandalarının nümayəndələri kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.