05.12.2016

Fövqəladə hallar orqanlarında çalışmağa maraq göstərən şagirdlərlə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Cəsurluq məktəbi” mövzusunda “Açıq qapı” günü  keçirilib.

 “Açıq qapı” gününün keçirilməsində məqsəd Bakı şəhərinin ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə yaxından tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaq olub.

Tədbirdə Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularında Xilasetmə və Tibb xidmətlərinin əməkdaşları və 60 nəfər yuxarı sinif şagirdi iştirak edib.

Tədbir praktik və nəzəri olmaqla, iki hissədən ibarət olub.

Praktik hissə zamanı “Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, sularda xilasetmə və dalğıc avadanlıqları, kəşfiyyat cihazları və fərdi mühafizə vasitələri, yanğınsöndürmə texnikası, eləcə də mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı yardım üsulları barədə məlumat verilib.

Daha sonra müəyyən edilmiş təlim nöqtələri üzrə xilasetmə əməliyyatları həyata keçirilib.

Nəzəri hissə zamanı isə tədbir iştirakçılarına fövqəladə hallar barədə ümumi məlumatlar verilib, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112-qaynar xətti” mövzularında təqdimatlar, eləcə də nazirlik tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.