07.12.2016

Təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilib

Ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün  Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirilən tədbirlərdə məktəb həkimləri, rayon poliklinikalarının əməkdaşları və biologiya müəllimləri iştirak ediblər. Tədbirlər çərçivəsində məktəblərdə “Talassemiya və dünya” mövzusunda  guşə və stendlər yaradılıb.

Şagird, valideyn və pedaqoji kollektiv arasında bu sahədə maarifləndirmə işinin, sosial səfərbərliyin təmin edilməsi, talassemiyanın profilaktikasının gücləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə “Talassemiya irsi xəstəlikdir”, “Talassemiya ilə mübarizə”, “Talassemiyanın daşıyıcılarının aşkar edilməsi məqsədilə tibbi-genetik müayinələrin aparılması”, “Talassemiya daşıyıcısı nə deməkdir?”, “Talassemiyanın profilaktikasının gücləndirilməsi”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Talassemiyasız həyat  naminə” mövzularında sinif  təşkilat saatları,  seminar, mühazirə və  “Dəyirmi masa”lar  təşkil edilib.

Tədbirlərdə məktəblilərə xəstəliyin yaranma səbəbləri izah edilib, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında məlumat verilib. Şagirdlər arasında talassemiya xəstəliyi haqqında sorğu keçirilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Məktəblərin biologiya müəllimləri tərəfindən təşkil edilən “Açıq dərs”lərdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsi və daşıyıcıların araşdırılaraq aşkara çıxarılmasının vacibliyi qeyd olunub.