30.01.2017

Şagirdlərin aqrar elmə marağının artırılması mövzusunda görüşlər davam edir

Bakı Şəhəri üzrə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilə “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda görüşlər keçirilir.

Görüşlər Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilir.

Görüşlər zamanı son dövrlərdə ölkəmizin aqrar sahədə qazandığı uğurlardan söhbət açılır, dövlət başçısı İlham Əliyev tərəfindən  bu sahəyə göstərilən diqqət və qayğı şagirdlərin diqqətinə çatdırılır. Eyni zamanda, ölkəyə idxal olunan ət və süd məhsullarının yoxlanılması, xəstəliklərə qarşı mübarizə tədbirləri və gənc mütəxəssislərin fəaliyyəti, baytarlıq,  üzümçülük və şərabçılıq sahələrində aparılan elmi-tədqiqat işləri və aqrar sahənin inkişafı ilə bağlı dövlətin qəbul etdiyi Strateji Yol Xəritəsi haqqında şagirdlərə geniş məlumat verilir.

Görüşlərdə həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilir.

Mütəxəssislər tərəfindən aqrar sahə ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılır, müvafiq ixtisaslar haqqında məktəbliləri maraqlandıran məsələlərə aydınlıq gətirilir.

Sonda şagirdlərə “Mən aqrar sahənin mütəxəssisi olsam” gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim?”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” mövzularında inşa müsabiqəsinin keçirilməsi barədə məlumat verilir.

Qeyd edək ki, şagirdlər öz inşa yazılarını məktəb rəhərliyi vasitəsilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edə bilərlər. İnşa yazı müsabiqəsi qaliblərinin (I, II və III yerlər) təltif olunması nəzərdə tutulur.

“Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda ümumi təhsil məktəblərində keçirilən görüşlər davam edir.


Açar sözlər: ,  ,