08.02.2017

“Ailə Akademiyası” layihəsi çərçivəsində görüşlər 

Paytaxtın ümumi təhsil müəssisələrində “Ailə Akademiyası” layihəsi çərçivəsində görüşlər keçirilib.

Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Təhsil Nazirliyinin razılığına əsasən, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən Binəqədi rayonundakı ümumi təhsil məktəblərində keçirilən görüşlərdə müəllimlər, VIII-X sinif şagirdləri, valideynlər və psixoloqlar iştirak ediblər.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin əməkdaşları, səhiyyə işçiləri və pedaqoqlar ailəyə həsr olunan müxtəlif mühazirələrlə çıxış ediblər. "Ailə dəyərlərinin müqəddəsliyi", "Ailə münaqişələri və həlli yolları", "Ailə dəyərləri və müasir gənclik", "Ailə dəyərləri və prinsipləri" və bu kimi digər mühazirələrlə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdır. 


Açar sözlər: ,  ,