02.03.2017

“İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr    

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələr keçirilir.

Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.

“İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”,    “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzularında keçirilən mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizm və ekstremizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib.

Qeyd edək ki, mart-aprel aylarında “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 34 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.