28.03.2017

“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə rayon (şəhər), ölkə üzrə olmaqla, 2 mərhələdə IX-XI sinif şagirdləri arasında keçirilir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərindən 49 təqdimat müsabiqənin şəhər mərhələsinə seçilib. Onlardan 12-si müsabiqənin respublika mərhələsinə vəsiqə qazanıb.

Müsabiqənin aprel ayında keçiriləcək ölkə mərhələsində iştirakçıların çıxışı maksimum 10 balla qiymətləndiriləcək. Qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürülən fikirlərin faktlarla əsaslandırması, ulu öndərin vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılacaq.


Açar sözlər: ,  ,