31.03.2017

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində 31 mart soyqırımına həsr  olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Qeyd edək ki, təhsil müəssisələrində 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli və bədii filmlər də nümayiş etdirilib.

Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.

Qeyd olunub ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.

Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Həmçinin, bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətləri təşkil olunub.


Açar sözlər: ,  ,  ,