05.04.2017

“İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr    

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr davam edir.

Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.

“İslam Həmrəyliyi İli” çərçivəsində fevral-mart aylarında paytaxtın ümumi təhsil müəssisələrində “Dünyəvi dövlətdə İslam və milli-mənəvi dəyərlər”, “Dini mədəniyyət abidələrimiz və erməni vandalizmi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “Dünyəvi dövlətdə din və birlik”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”, “Milli-mənəvi dəyərlər və gənclik”, “İslam həmrəyliyinin Azərbaycan modeli”, “Dünyəvi dövlətdə multikultural və tolerant dəyərlərin vəhdəti”, “Milli-mənəvi dəyərlərimiz və İslam” və digər bu kimi  mövzularda mühazirələr keçirilib.

Mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər.

Mühazirələrdə hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub.

Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Fitnə” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, aprel ayında “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 14 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.