25.04.2017

“İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr başa çatıb.

Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.       

Mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər.

Paytaxtın ümumi təhsil müəssisələrində “Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir”, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”,   “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”,  “İslam barışıq və həmrəylik dinidir”, “İslam həmrəyliyinin dini radikalizmlə mübarizədəki rolu”,  “Milli-mənəvi dəyərlər və gənclik”, “İslam Həmrəyliyinin Azərbaycan modeli”, “Mənəvi-əxlaqi dəyərlərimiz” , “Dini mədəniyyət abidələrimiz və erməni vandalizmi”, "Dünyəvi dövlətdə din və milli birlik",  “Dünyəvi dövlətdə İslam və milli-mənəvi dəyərlər”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyinin rolu” və digər bu kimi mövzularda mühazirələr keçirilib.

Mühazirələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi vurğulanıb, gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının aktuallığı qeyd olunub.

Məruzəçilər ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu da bildiriblər.

Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Fitnə” sənədli filmi nümayiş olunub.