31.05.2017

Molla Pənah Vaqifin yubiley tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Belə ki, Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, konfranslar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət və rəsm müsabiqələri təşkil edilir.

Dahi Azərbaycan şairinin 300 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd Vaqif irsini daha dərindən araşdırıb öyrənmək,  onun yaradıcılığındakı humanist dəyərləri, bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, Azərbaycan şeirinin Vaqifin sayəsində tarixin növbəti mərhələsinə qədəm qoymasını bir daha diqqətə çatdırmaqdır.

Tədbirlərdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı, M.P.Vaqifin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı rolu, sənətkarlıq xüsusiyyətləri barədə geniş məlumat verilir. Bildirilir ki, qüdrətli söz ustası Molla Pənah Vaqifin yubileyi respublikamızın hər yerində, o cümlədən bütün türk dünyasında böyük təntənə ilə qeyd olunur. Bütün bu tədbirlər şairə olan böyük sevginin təzahürüdür. 

Tədbirlərdə, şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər, musiqi nömrələri nümayiş olunub, Vaqifə məxsus şeirlər ifa edilib.