02.10.2018

Beynəlxalq Ahıllar Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 oktyabr-Beynəlxalq Ahıllar Günü qeyd edilib.

Belə ki, bu münasibətlə tədbirlər keçirilib, bir sıra məktəblərin müəllim-şagird heyətinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə ziyarətləri təşkil olunub.

Tədbirlərdə BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə də qeyd olunan bu gün əsasən yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsi ilə yadda qalır.

Qocalar evinə təşkil olunan ziyarət zamanı şagirdlər qocalarla maraqlı söhbətlər aparıb, xüsusi qayğıya, sevgiyə ehtiyacı olan ahılları sevindiriblər.

Görüşlərdə həmçinin, məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını öz ifalarındakı şeir və mahnılarla ifadə ediblər.

Daha sonra şagirdlər ahıllara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdiriblər.