“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsinə dair “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 29.09.2017-ci il tarixli 317 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası təhsil nazirinin 29.09.2017-ci il tarixli 317 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2018-ci il 14-16 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsi nəzərə alınsın.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorları:

3.1. 01 oktyabr 2017-ci il tarixdən etibarən şagirdlərin mövzularının sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimdə qeydiyyatdan keçirilməsini və 2017-ci ilin 1 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmiş mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etsinlər;

3.2. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 15 yanvar 2018-ci il tarixədək onlayn qeydiyyatdan keçməsini təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Qədiməliyev) tapşırılsın:

4.1. Elmi tədqiqatlara cəlb olunan, istedadlı və potensiallı şagirdlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın;

4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;

4.3. Müsabiqədə iştirak edən məktəblərin Təlim Akademiyasında, Elmi–Ekspertiza Komitəsinin görüşləri və təlimlərində fəal iştirakını təmin etsin;

4.4. Ümumi təhsil məktəblərinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.   

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası təhsil nazirinin 29.09.2017-ci il tarixli 317 nömrəli əmri.

 

 Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

23  oktyabr  2017-ci il

                                                                                        № 182