Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsinə dair “Sabahın Alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 26.10.2018-ci il tarixli F-729 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.“Sabahın Alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 26.10.2018-ci il tarixli F-729 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2019-cu il 12-14 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın Alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi nəzərə alınsın.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları:

3.1. 29 oktyabr 2018-ci il tarixdən etibarən şagirdlərin sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimdə qeydiyyatdan keçirilməsini və 2018-ci ilin 1 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmiş mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etsinlər.

3.2. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 15 yanvar 2019-cu il tarixinədək onlayn qeydiyyatdan keçmələrini təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva) tapşırılsın:

4.1. Elmi tədqiqatlara cəlb olunan, istedadlı və potensiallı şagirdlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın.

4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumtəhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin.

4.3. Müsabiqədə iştirak edən məktəblərin Təlim Akademiyasında, Elmi–Ekspertiza Komitəsinin görüşləri və təlimlərində fəal iştirakını təmin etsin.

4.4. Ümumtəhsil məktəblərinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin;

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin;

7. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.   

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: “Sabahın Alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 26.10.2018-ci il tarixli F-729 nömrəli əmri

 

Məhəbbət Vəliyeva,

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil

  İdarəsinin müdiri vəzifəsini icra edən

             5  noyabr  2018-ci il

   F-354