“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2019-cu il “Nəsimi ili” elan edilmişdir.

Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 14.02.2019-cu il tarixli, F-82 nömrəli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 fevral 2019-cu il tarixli, F-107 nömrəli əmrini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi keçirilsin.

2. “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin final mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqənin müvafiq mərhələləri üzrə təşkilində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin əsasnaməsi əsas götürülsün (əlavə olunur).

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın:

4.1. Bu əmrlə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq rəhbərlik etdikləri məktəbdə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsini təşkil etsinlər;

4.2. Müsabiqənin təşkili üçün bu əmrdən irəli gələn lazımi təşkilati-pedaqoji tədbirlərin görülməsini təmin etsinlər;          

4.3. Müsabiqənin məqsədi və əhəmiyyəti ilə bağlı rəhbərlik etdikləri məktəbin şagird və müəllim kollektivi, habelə valideynlər arasında maarifləndirmə işləri aparılmasını təmin etsinlər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoru (S.Bektaşi) və İnkişaf layihələri sektoru (A.Əzizov) ümumi təhsil müəssisələrini müsabiqə şərtləri, müsabiqənin keçirilməsi qaydaları ilə tanış etsin, habelə müsabiqənin ümumi koordinasiyasını həyata keçirsin.       

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin. 

7. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.       

9. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini İlhamə Abdullayevaya həvalə olunsun.

Əsas: “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 14 fevral 2019-cu il tarixli, F-82 nömrəli əmri, “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 fevral 2019-cu il tarixli, F-107 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

04 oktyabr 2019-cu il

                                                                                        № F-326


 

“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin keçirilmə Qaydaları