“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında əsasnamə

Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə, internat məktəbləri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan yaradıcılıq mərkəzlərinin direktorlarına

 

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar  Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 nömrli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi 5-ci ildir ki, keçirilir. Fövqəladə Hallar Nazirliyinin 28 sentyabr 2015-ci il tarixli 0102 nömrəli əmri ilə cari ildə də V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.

Müsabiqə ümumtəhsil və internat məktəblərinin I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir. 

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində (www.edu.gov.az) “Sənədlər” bölməsində verilmişdir.

Respublika mərhələsinə işlər müsabiqənin əsasnaməsinin tələblərinə tam uyğun olmaqla Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Müsabiqənin  qalibləri haqqında məlumatlar 06 noyabr 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Müsabiqə ilə əlaqədar tabeliyinizdə olan təhsil müəssisələrini məlumatlandırmağınız, məktəblilərin bu müsabiqədə fəal iştirakını təmin etməyiniz xahiş olunur.

Müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında Fövqəladə Hallar Nazirliynə göndərilməsini təmin etmək, respublika mərhələsinə göndərilmiş işlərin adlı siyahısını məktubla Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.           

 

Firudin Qurbanov,
Azərbaycan Respublikası

təhsil nazirinin müavini
08 oktyabr 2015-ci il
№ 46-20-6573/16