24.06.2016

“Məktəbini tanıt” videoçarx müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

İyunun 24-də “Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində bir müddət öncə Məktəb icmalarının bütün iştirakçıları üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı tərəfindən elan edilmiş “Məktəbini tanıt” videoçarx müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdirləri Lamiyə Şərəfxanova, Afiq Əzizov, Allianz Consult şirkətinin proqram koordinatoru Mədinə Sadiqova, layihənin sponsorları Sağlam Ailə Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyat evinin nümayəndələri, məktəb direktorları, layihə üzrə nominasiyaların iştirakçıları və onların valideynləri iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən qonaqlar müsabiqədə qalibiyyət əldə edən məktəbləri təbrik ediblər. Çıxışçılar gələcək illərdə təşkil ollunacaq bu tipli müsabiqələrdə şagirdlərin daha yaradıcı və maraqlı işlər təqdim edəcəklərinə inandıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Bizim məktəbimiz nə ilə fərqlənir”, “Məktəbimizin məzunları”, “Məktəbin şən hekayəsi”, “Gələcəyin məktəbi” və “Bizim sinif icmasının uğurları” nominasiyaları üzrə təşkil edilmiş məktəblərarası “Məktəbini tanıt” videoçarx müsabiqəsi 11-31 may tarixlərində baş tutub. 31 may tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər tərəfindən qeyd edilən 5 nominasiya üzrə 194 videoçarx Community.az portalında yerləşdirilib.

Ümumilikdə 91 ümumtəhsil məktəbinin iştirak etdiyi müsabiqənin nəticələri təhlil edilib və yüksək göstəricilər əldə etmiş məktəblər müəyyənləşdirilib.

Müsabiqənin meyarları əsasında videolar təqdim etmiş 1, 26, 92, 158, 179, 189-190, 299, 321 nömrəli məktəblər fərqlənərək qalib və mükafatçı yerlərinə layiq görülüblər. Müsabiqədə iştirak edən digər məktəblər isə "Təşəkkürnamə" ilə təltif ediliblər.

Qaliblərin mükafatlandırılma mərasimində həmçinin, 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzinin rəqs və vokal qrupları da iştirak ediblər.