31.01.2017

“İcmalar üçün İngilis dili” layihəsinə start verilib

Təhsil Nazirliyi, “British Council” və “British Petrolium” Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində “İcmalar üçün İngilis dili” layihəsinə start verilib.

Layihə Azərbaycan Respublikasının 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edir.

Layihənin əsas məqsədi İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və icma üzvlərinə keyfiyyətli ingilis dili tədrisinin təmin olunması yolu ilə onların məşğulluq imkanlarının artırılmasından ibarətdir.

Qeyd edək ki, layihəyə Qaradağ rayonu üzrə neft boru kəməri keçən qəsəbələrdən 6 pilot məktəb cəlb olunub. Fevralın ortalarından etibarən pilot məktəblərin İngilis dili müəllimləri müsahibəyə cəlb olunacaq. Müsahibə nəticəsində seçilmiş müəllimlər 120 saatlıq təlimlərdə iştirak edəcək. Mart ayından etibarən sentyabr ayınadək müəllimlər üçün onlayn dil və metodiki dəstək proqramı tədris olunacaq. Proqram çərçivəsində müəllimlərə resursların effektiv istifadə edilməsi barədə təməl məlumatlar ötürüləcək. Aprel ayından təlimçi İngilis dili müəllimlərinin icma üzvlərinə dil dərsləri təşkil olunacaq. Avqust və sentyabr ayları boyunca layihədə iştirak edən müəllimlərin dərsləri dinləniləcək və müəllimlərə müvafiq dəstəkləyici rəylər veriləcək.


Açar sözlər: ,  ,  ,