22.02.2017

Məktəblərdə çərşənbə iməcilikləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

İməcilik zamanı Bakı şəhərinin 12 inzibati rayonunda yerləşən ümumi təhsil məktəblərinin müəllim, şagird kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə ilk çərşənbə olan su çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.

 Qeyd edək ki, iməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub.