24.05.2017

Müəllimlərə sertifikatlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində təlim keçən müəllimlərə sertifikatlar verilib.  

Təltifolunma mərasiminə Amerikanın Azərbaycandakı səfirliyinin, “British Council” təşkilatının əməkdaşları, Təlimə Dəstək Mərkəzinin xarici dillər bölməsinin mentorları, təlim keçən müəllimlər və danışıq klublarında iştirak edən şagirdlər qatılıblar.

Tədbirdə çıxış edənlər cari tədris ilində xarici dillər istiqaməti üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti barədə geniş şəkildə məlumat veriblər. Bildirilib ki, İngilis dilində Danışıq Klublarının yaradılmasında əsas məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Tədbirdə amerikalı təhsil eksperti Meri Boymer tərəfindən tədris prosesinin təkmilləşdirilməsi istiqamətində yerli mütəxəssislərə inkişafetdirici tövsiyələr də verilib.

Qeyd edək ki, “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi BŞTİ və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 


Açar sözlər: ,  ,  ,