24.11.2017

Qrant müsabiqəsi üzrə qalib layihələr

Peşəkarlığın artırılmasına dair yeni üsul

 

Pedaqoji işçilərin metodbirləşmələrlə əməkdaşlığı sayəsində nailiyyətlərin əldə ediləcəyi gözlənilir

Nazir ƏLİYEV

314 nömrəli tam orta məktəbin direktoru 

 

“Məktəbdə metodiki iş sisteminin təkmilləşdirilməsi yolu ilə tədrisdən ayrılmadan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasının innovativ modelləri və onların tətbiqinin metodiki təminatı” adlı layihə həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 314 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihə çərçivəsində sentyabrın 22-dən Binəqədi rayonu üzrə ümumi təhsil məktəblərinin müəllimləri üçün təlimlər təşkil olunur. 

 

Metodiki işin təkmilləşmə zərurəti

 

Respublikamızda təhsil sahəsində baş verən yeniliklər, o cümlədən, məktəbin demokratik prinsiplər əsasında idarə edilməsi, yeni tədris plan və proqramları, texnologiyalar, fəal-interaktiv təlim metodları, məktəbdaxili qiymətləndirmə qaydalarının tətbiqi məktəblərdə mövcud metodiki iş sisteminin təkmilləşdirilməsini zəruri edir. Belə ki, məktəblərdə gedən müsbət proseslərin fəal iştirakçıları pedaqoji işçilərdir. Yeniliklərin həyata keçirilməsinin məsuliyyəti ən çox müəllimlərin üzərinə düşür. Bu baxımdan onların metodiki köməyə daha çox ehtiyacı var. Müəllimlər vaxt itkisinə yol vermədən ilk köməyi fənn metodbirləşmələri və Metodik Şura üzvlərindən almalıdırlar. Təhsil müəssisələrində müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyələrini artırması üçün özünü doğrultmuş innovativ modellərin hazırlanması və tətbiqi məsələsini reallaşdıracaq qüvvə pedaqoji işçilərin ictimai özünüidarə orqanları kimi Metodik Şura və fənn metodbirləşmələri olmalıdır. 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas hədəflərdən biri də yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasıdır. Burada müəllimlərin təhsil müəssisələrində tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılmasında özünü doğrultmuş innovativ modellərin tətbiqi əsas tədbirlərdən biri kimi qeyd edilib. 

 

Müəllimlər fəaliyyətlərini planlaşdıracaq

 

Adından da göründüyü kimi, “Məktəbdə metodiki iş sisteminin təkmilləşdirilməsi yolu ilə tədrisdən ayrılmadan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasının innovativ modelləri və onların tətbiqinin metodiki təminatı” layihəsi mövzu baxımından məktəbin fəaliyyətinin əsas istiqamətləri ilə sıx bağlı olan iki prioritet məsələni özündə birləşdirir. Bunlar məktəbdə metodik iş sisteminin təkmilləşdirilməsi və tədris prosesindən ayrılmadan təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Bu məsələlər biri digərinin formalaşmasına və inkişafına təsir etməklə bütövlükdə məktəbin yüksək keyfiyyətli təhsil xidməti göstərməsinə zəmin yaradır.

Layihə çərçivəsində keçirilən təlimlərdə də bildirilir ki, məsuliyyət və hesabatlılıq prinsiplərinin gözlənilməsi fənn metodbirləşmələrinin fəaliyyətinin əsasını təşkil edir. Layihəyə görə, hər bir müəllim məktəbin illik fəaliyyət planı əsasında özünün qarşısında duran vəzifələri, işinin məzmunundakı yenilikləri müəyyənləşdirərək fəaliyyətini izləməyə imkan verən pedaqoji xəritəsini tərtib edir. Onların pedaqoji xəritələri əsasında fənn metodbirləşmələrinin fəaliyyət planı tərtib edilir və real iş görülür. 

 

Müəllimlər hərtərəfli inkişaf edəcək

 

Gözləntilərə əsasən, layihədə iştirak etmiş hər bir müəllim müstəqil olaraq, tədris ili ərzində yerinə yetirəcəyi metodiki işin məzmun, forma və üsullarını, pedaqoji texnologiyaların tətbiqi sahəsində görəcəyi işləri müəyyənləşdirəcək. Fənnin tədrisində pedaqoji texnologiyaların ən yeni nailiyyətləri, onların təlim-tərbiyə prosesinə tətbiqi ilə əlaqədar lazım olan məlumatları əldə edəcək. Fənnin dövlət standartları səviyyəsində tədrisinə birbaşa təsir göstərəcək metodiki tədbirlərdə iştirak müəllimin fəaliyyətində mühüm istiqamətlərdən biri olacaq. Yeni dərslik və dərs vəsaitlərinin müzakirəsində müstəqil təkliflərlə çıxış edəcək. Fənn üzrə qabaqcıl iş təcrübəsinin müəyyənləşdirilməsi və ümumiləşdirilməsi istiqamətində tədbirlərin müəllimin fəaliyyətində xüsusi yeri olacaq. Müəllim fəaliyyətini və tədris keyfiyyətini şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyələri əsasında öyrənib təhlil edəcək, xarakterik səhv və çatışmazlıqları aşkara çıxararaq, onların aradan qaldırılmasını təmin edəcək. İstedadlı şagirdlərin aşkarlanması və onların istedadlarının inkişaf etdirilməsi istiqamətində apardığı işləri illər üzrə müqayisəli təhlil edərək dəyərləndirə biləcək. Həmçinin, öz peşəkarlıq səviyyəsini artırmaq üçün müxtəlif tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, “Məktəbdə metodiki iş sisteminin təkmilləşdirilməsi yolu ilə tədrisdən ayrılmadan müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasının innovativ modelləri və onların tətbiqinin metodiki təminatı” layihəsinin icra müddəti dekabrın 22-də yekunlaşdırılsa da, bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

 

“Qonaq-şagird” 

 

Məktəblərarası əməkdaşlığa xidmət edən şagird mübadiləsi həyata keçirilir

Sifai SƏFƏROVA

 

Bakıdakı 299 nömrəli məktəb-liseydə “Qonaq- şagird” layihəsinə həsr olunmuş yekun tədbiri keçirilib. Mərasim əlamətdar bir günə - xalqımız üçün önəmli olan Milli Dirçəliş Gününə təsadüf edib. 

Tədbirin aparıcıları Əfsanə Səfərli və Rauf Bəndəliyev bildiriblər ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Qonaq-şagird” layihəsi qarşıya qoyduğu ən mühüm sayılan məktəblərarası əməkdaşlığa xidmət edən şagird mübadiləsi işini həyata keçirib. Seçim turlarında Bakı şəhəri 299 nömrəli məktəb-liseyin, Beyləqan rayonu Namiq Abdullayev adına 1 nömrəli tam orta məktəbin və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Layihənin əsas məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaqdır. Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı şəhəri 299 nömrəli məktəb-liseyə, 8 şagird isə paytaxtdan bölgə məktəblərinə - Beyləqan rayonu Namiq Abdullayev adına 1 və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 nömrəli tam orta məktəblərə mübadilə edilərək iki həftə ərzində yollandıqları təhsil ocağında təhsillərini davam etdiriblər. Bu müddət ərzində layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradıb. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “dəyirmi masa” arxasında bir araya gələrək problemləri müzakirə ediblər.

Tədbirdə 10 gün müddətində bölgə və paytaxt məktəblərində qonaq olan şagirdlər tədrisin keyfiyyəti, tədris müəssisələrinin şəraiti və olduqları rayon, şəhər haqqında öz təəssüratlarını bölüşüblər. Onlar layihə rəhbərləri Nuriyyə Verdiyevaya və Elyanə Əliyevaya təşəkkürlərini bildirib və bu layihəyə qoşulduqlarından məmnun olduqlarını ifadə ediblər. Şagirdlər qonaq qaldıqları ailələrin qonaqpərvərliyindən də söz açıblar.

Məktəbin şagirdləri Nazənin Əliyeva, Gülnar Mürsəlzadə, Nigar Kərimova ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib və vətənpərvərlik, Qarabağ haqqında mahnılar ifa ediblər. “Qonaq-şagird” layihəsinin iştirakçısı Turanə Verdilinin dostluq haqqında söylədiyi şeir və məktəblilərin nümayiş etdirdikləri Azərbaycanın milli rəqsləri iştirakçılarda xoş ovqat yaradıb. 

Sonda “Qonaq-şagird”lərə sertifikatlar təqdim olunub.

 

 

Oynayaraq öyrənirik” - fərqli inkişaf mühiti

 

Məktəblilərin fərdi inkişafı üzrə fərqli üsul

Sona HACILI,

9 nömrəli tam orta məktəbin fizika müəllimi 

 

Məktəblilər üçün fərdi inkişaf üzrə təlimlər və yaradıcılıq məşğələləri təşkil olunur. Təlim və məşğələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan “Oynayaraq öyrənirik” layihəsi çərçivəsində keçirilir. Layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə dəstəklənib. Layihəyə məktəbin 64 şagirdi cəlb edilib. 

 

Məktəblilər üçün fərqli mühit

 

“Oynayaraq öyrənirik” layihəsinin əsas məqsədi şagirdlərin fərdi inkişafını təmin etmək, onların münasibət qurmaq və özünü ifadə etmək qabiliyyətini daha da təkmilləşdirməkdən ibarətdir. 

Layihə çərçivəsində hazırda məktəbdə şagirdlərə dərsdən sonra fərdi inkişaf üzrə təlimlər keçirilir. Bu təlimlər nəticəsində məktəblilər özünüifadə, verilmiş tapşırıqları kreativ həll və natiqlik bacarıqlarına yiyələnir, onlar özlərini daha yaxşı tanıyırlar. Şagirdlər seçimlərini daha asan edir, qərar vermək bacarıqlarını təkmilləşdirirlər. 
Məktəblilər üçün “Drama məşğələləri” də təşkil olunur. Bu məşğələlər çərçivəsində şagirdlər oyun tipli tamaşalar hazırlayırlar. Onlar tamaşalar hazırlayarkən düşdükləri vəziyyətə uyğun olaraq, ünsiyyət qurmaq, çətinliklərin öhdəsindən gəlmək, əməkdaşlıq etmək və digər bu kimi bacarıqlara yiyələnirlər. 

Rəqs məşğələlərində isə məktəblilər arasında qrup rəqsləri təşkil edilir. Onlara bu üsulla komanda işi, sinxronluq, əməkdaşlıq etmək öyrədilir. 
Şagirdlər üçün təşkil edilən fərdi inkişaf üzrə təlimlərdə və “Drama məşğələləri”ndə 24 şagird iştirak edir. Rəqs məşğələlərinə 40 şagird qatılır. Xüsusi təlimçi tərəfindən keçirilən təlim və məşğələlər məktəbin bütün şagirdləri üçün açıqdır. 

 

Müəllim və valideynlərin dəstəyi

 

Layihə çərçivəsində müəllim, psixoloq və valideynlər üçün seminarlar da təşkil olunur. Onlara layihə barədə məlumat verilir, təlim və məşğələlərdə həyata keçirilən işlər diqqətə çatdırlır. Bildirilir ki, şagirdlərin fərdi inkişafında müəllim, psixoloq və valideynlər mühüm rol oynayır. Xüsusilə də fərdi inkişaf üzrə təlimlər şagirdlərlə bilavasitə gündəlik ünsiyyət quran müəllim və valideynlərin dəstəyi olmadan nəticə verə bilməz.

Qeyd edək ki, seminarlarda 9 nömrəli tam orta məktəblə əməkdaşlıq edən məktəblərin psixoloq və müəllimləri də iştirak edir. Onlar məktəblilərin fərdi inkişafı üzrə təlimlərlə bağlı fikirlərini bölüşür, rəy və təkliflər irəli sürürlər. 

Həmçinin, layihə çərçivəsində şagirdlərin fəaliyyətini əks etdirən fotolar çəkilir, videoçarxlar hazırlanır. Həmin foto və videoçarxlar sosial şəbəkələrdə paylaşılır. 

 

Müsbət nəticəyə doğru 

 

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, artıq şagirdlərin fərdi inkişafında, onların münasibət qurmaq və özünü ifadə etmək qabiliyyətlərində irəliləyişlər nəzərə çarpır. Buna görə də layihənin icra müddəti dekabrın 22-də başa çatdırılsa da, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. 

 


Açar sözlər: ,  ,  ,